Enerji niyə qlobal iqtisadiyyatın xəritəsini dəyişir: süni intellekt dövründə infrastruktur uğrunda yeni rəqabət
Müəllif: Fərid Baxşəliyev, Trend
Məlumat mərkəzləri (Data Centers) süni intellekt dövrünün strateji infrastrukturuna çevrilir, elektrik enerjisi isə rəqəmsal iqtisadiyyatın əsas resurslarından biri kimi ön plana çıxır. Uzun illər ərzində süni intellekt sahəsində qlobal rəqabət əsasən alqoritmlər, yarımkeçiricilər və getdikcə daha güclü dil modelləri üzərində qurulurdu. Lakin bu yarış yeni mərhələyə qədəm qoyur.
Artıq əsas sual yalnız ən qabaqcıl süni intellekt sistemini kimin yaradacağı deyil. Getdikcə daha vacib məsələ həmin texnologiyaların işləməsi üçün tələb olunan elektrik enerjisini, hesablama gücünü, enerji şəbəkələrinə çıxışı və rəqəmsal infrastrukturu kimin təmin edə biləcəyidir.
Süni intellekt sistemləri mürəkkəbləşdikcə rəqabətin mərkəzi proqram təminatından fiziki infrastruktura doğru dəyişir. Məlumat mərkəzləri, elektrik şəbəkələri, yüksək gərginlikli ötürücü xətlər və etibarlı enerji təchizatı artıq vaxtilə neft kəmərləri, limanlar və iri sənaye kompleksləri kimi strateji əhəmiyyət daşımağa başlayır.
Tarix göstərir ki, hər texnoloji inqilab öz əsas strateji resursunu formalaşdırır. Sənayeləşmə dövründə bu resurs kömür idi. XX əsrdə neft və təbii qaz dünya iqtisadiyyatının əsas dayaqlarına çevrildi. Rəqəmsal dövrdə məlumat ən qiymətli strateji aktiv oldu. Süni intellekt dövründə isə təkcə məlumat kifayət etmir, onu iqtisadi dəyərə çevirən əsas hərəkətverici qüvvə enerji və hesablama infrastrukturdur.
Generativ süni intellekt sistemlərinin inkişafı milyonlarla yüksək məhsuldarlıqlı prosessorun fasiləsiz işləməsini tələb edir. Bu isə böyük həcmdə elektrik enerjisi, müasir soyutma sistemləri, yüksək sürətli rabitə şəbəkələri və dayanıqlı infrastruktur deməkdir. Dünyanın bir çox regionunda əsas problem artıq elektrik enerjisinin istehsalı deyil, yeni məlumat mərkəzlərinin mövcud enerji şəbəkələrinə qoşulmasıdır. Buna görə də investisiyalar təkcə məlumat mərkəzlərinə deyil, həm də enerji ötürmə xətlərinə və enerji infrastrukturunun modernləşdirilməsinə yönəlir.
Gartner şirkətinin qiymətləndirməsinə görə, 2026-cı ildə məlumat mərkəzi sistemlərinə qlobal xərclər təxminən 822 milyard ABŞ dolları təşkil edəcək və bu sahə korporativ texnologiya investisiyalarının ən sürətlə böyüyən istiqamətlərindən birinə çevriləcək. Beynəlxalq Enerji Agentliyinin (IEA) baza ssenarisinə əsasən isə məlumat mərkəzlərinin elektrik enerjisi istehlakı 2030-cu ilədək təxminən iki dəfə artaraq 945 teravat-saat (TWh) səviyyəsinə çata bilər.
Bu göstəricilər yeni reallığı göstərir: süni intellekt artıq yalnız texnologiya deyil, həm də enerji və infrastruktur məsələsidir. Məlumat mərkəzləri sadəcə məlumatların saxlanıldığı texniki obyektlər olmaqdan çıxaraq elektrik stansiyaları, nəqliyyat dəhlizləri və logistika mərkəzləri ilə müqayisə olunan strateji aktivlərə çevrilir.
Əgər əvvəllər ölkələr sənaye müəssisələrini və istehsal güclərini cəlb etmək uğrunda yarışırdılarsa, indi əsas rəqabət hesablama gücü və süni intellekt infrastrukturu uğrunda gedir. Genişmiqyaslı hesablama imkanlarına malik ölkələr süni intellekt, bulud texnologiyaları, elmi tədqiqatlar, yüksək texnologiyalı istehsal və rəqəmsal xidmətlər sahəsində daha əlverişli mövqeyə sahib olurlar.
Müasir məlumat mərkəzləri energetika, tikinti, telekommunikasiya və mühəndislik sektorlarında investisiyaları stimullaşdırmaqla yanaşı, yüksək ixtisaslı kadrlara tələbat yaradır. Nəticədə onlar ayrıca texnoloji obyekt deyil, bütöv rəqəmsal iqtisadi ekosistemlərin formalaşmasının əsas dayaqlarından birinə çevrilirlər.
Bu şəraitdə texnoloji liderlik anlayışı da dəyişir. Gələcəyin lider ölkələri yalnız innovativ şirkətlərə və qabaqcıl ideyalara sahib olanlar deyil, həm də bol, əlçatan və etibarlı elektrik enerjisi təmin edə, enerji ötürmə şəbəkələrini genişləndirə, iri məlumat mərkəzləri qura və dayanıqlı rəqəmsal infrastruktur yarada bilən ölkələr olacaq.
Bu dəyişiklik investisiya qərarlarına da təsir göstərir. Əvvəllər əsas meyar bazarın ölçüsü və əmək resursları idisə, indi əsas sual belədir: uzunmüddətli enerji təminatı şəraitində rəqabətqabiliyyətli qiymətlə süni intellekt üçün böyük həcmdə hesablama gücünü harada təmin etmək mümkündür?
Məhz buna görə dünyanın aparıcı texnologiya şirkətləri süni intellekt infrastrukturuna yüz milyardlarla dollar sərmayə yatırırlar. ABŞ-da həyata keçirilən Stargate təşəbbüsü bunun ən mühüm nümunələrindən biridir və bir neçə il ərzində süni intellekt infrastrukturu üçün 500 milyard ABŞ dollarınadək investisiyanı nəzərdə tutur. Oxşar layihələr Avropa, Körfəz regionu və Asiyada da həyata keçirilir.
Bu layihələr göstərir ki, gələcəkdə süni intellekt sahəsində liderlik təkcə proqram təminatının keyfiyyəti ilə deyil, həmin texnologiyaların işləməsini təmin edən fiziki infrastrukturla müəyyən olunacaq.
Süni intellekt sürətlə həm iqtisadi, həm də geosiyasi təsir vasitəsinə çevrilir. ABŞ texnoloji innovasiyalarla yanaşı, süni intellekt infrastrukturuna investisiyalarını artırır. Çin yarımkeçiricilər, proqram təminatı, bulud texnologiyaları və məlumat mərkəzlərini əhatə edən milli ekosistem qurur. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı enerji üstünlüklərindən istifadə edərək iri məlumat mərkəzlərini və süni intellekt layihələrini cəlb etməyə çalışırlar.
Bununla yanaşı, getdikcə daha çox ölkə "suveren süni intellekt" strategiyasını həyata keçirir. Məqsəd xarici texnologiyalardan asılılığı azaltmaq, milli hesablama gücü yaratmaq və məlumatların ölkə daxilində emalını təmin etməklə iqtisadi dayanıqlığı və rəqabət qabiliyyətini gücləndirməkdir.
Yeni iqtisadi qanunauyğunluq formalaşır: bol enerji resursları, etibarlı elektrik şəbəkələri, müasir telekommunikasiya infrastrukturu, peşəkar kadr potensialı və əlverişli tənzimləmə mühiti yarada bilən ölkələr süni intellekt investisiyalarını daha çox cəlb edirlər. Süni intellekt infrastrukturuna sahib ölkələr isə rəqəmsal sənayeni, bulud xidmətlərini və yüksək əlavə dəyər yaradan texnologiya ekosistemlərini daha sürətlə inkişaf etdirirlər.
Bu proses Azərbaycan üçün də yeni imkanlar yaradır.
Azərbaycan uzun illər ərzində etibarlı enerji tərəfdaşı kimi tanınıb. Ölkənin inkişaf etmiş enerji infrastrukturu, beynəlxalq enerji layihələrinin həyata keçirilməsində qazandığı təcrübə, Avropa ilə Asiya arasında strateji mövqeyi və artan bərpaolunan enerji potensialı gələcəkdə rəqəmsal infrastruktur investisiyalarının cəlb olunmasına əlavə üstünlüklər verə bilər.
Xüsusilə yaşıl enerji məlumat mərkəzlərinin yerləşdirilməsi zamanı getdikcə daha mühüm amilə çevrilir. Qlobal texnologiya şirkətləri karbon emissiyalarını azaltmaq və uzunmüddətli bərpaolunan enerji təminatı əldə etmək məqsədilə aşağıkarbonlu enerji mənbələrinə üstünlük verirlər. Azərbaycanın günəş və külək enerjisi potensialının genişlənməsi, eləcə də Xəzər dənizinin böyük bərpaolunan enerji imkanları ölkənin rəqəmsal investisiyalar baxımından cəlbediciliyini artıra bilər.
Azərbaycanın coğrafi mövqeyi də mühüm üstünlüklərdən biridir. Ölkə uzun illərdir Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat marşrutlarından biri kimi çıxış edir. Lakin rəqəmsal iqtisadiyyatın inkişafı ilə rəqabət təkcə malların deyil, məlumat axınlarının hərəkəti uğrunda da gedəcək.
Bu baxımdan Orta Dəhliz zamanla yalnız nəqliyyat marşrutu deyil, həm də regional məlumat axınlarını birləşdirən rəqəmsal dəhlizə çevrilə bilər. Regional məlumat mərkəzlərinin, bulud xidmətlərinin və yüksək sürətli fiber-optik rabitə şəbəkələrinin inkişafı Azərbaycanın rəqəmsal iqtisadiyyatda mövqeyini daha da gücləndirə bilər.
Süni intellekt yarışı çox vaxt alqoritmlər arasında rəqabət kimi təqdim olunur. Əslində isə növbəti mərhələ getdikcə daha çox infrastruktur uğrunda yarış olacaq - elektrik enerjisi, hesablama gücü, dayanıqlı şəbəkələr və gələcəyin texnologiyalarını dəstəkləyən fiziki imkanlar uğrunda.
Əgər XX əsrdə iqtisadi güc sənaye, təbii ehtiyatlar və logistika ilə müəyyən olunurdusa, XXI əsrdə buna daha bir amil əlavə olunur - rəqəmsal iqtisadiyyatın dayanıqlı, əlçatan və etibarlı enerji infrastrukturu üzərində qurulması.
Süni intellekt XXI əsrin əsas texnologiyalarından birinə çevrilə bilər. Lakin onun inkişafının təməlində bəşəriyyətin ən fundamental resurslarından biri - enerji dayanmağa davam edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре