“Xalq Kapital”ın vəzifəli şəxsi cərimələndi
Azərbaycan Mərkəzi Bankı (AMB) "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq edib.
Day.Az xəbər verir ki, AMB-nin məlumatına görə, qərar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qəbul edilib.
Belə ki, AMB tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində müəyyən edilmiş pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən şirkətin vəzifəli şəxsi 4 min manat məbləğində cərimələnib.
İnvestisiya şirkəti investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan və fəaliyyətinin müstəsna predmeti "Qiymətli kağızlar bazarı haqqında" Qanunun 30.3-cü və 30.4-cü maddələri ilə müəyyən edilmiş əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
İnvestisiya şirkətlərinin əsas xidmətlərinə qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbul və icrası, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətlərinin verilməsi, qiymətli kağızların yerləşdirilməsi və anderraytinqi, öz hesabına qiymətli kağızlarla əməliyyatların aparılması və marja ticarəti daxildir.
Yardımçı xidmətlərə isə müştərilərin qiymətli kağızlar hesablarının idarə edilməsi, investorlara kredit və digər formada borc verilməsi, investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması, təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətlərinin göstərilməsi və xarici valyuta mübadiləsi daxildir.
Hazırda Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri arasında "CFI Financial İnvestisiya Şirkəti" QSC, "Unicapital İnvestisiya Şirkəti" ASC, "İnvest-Az İnvestisiya Şirkəti" QSC, "Paşa Kapital İnvestisiya Şirkəti" QSC, "İnno Kapital İnvestisiya Şirkəti" ASC, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, "Assist Finance İnvestisiya Şirkəti" ASC, "ABB-İnvest İnvestisiya Şirkəti" QSC, "MFX-Trading İnvestisiya Şirkəti" ASC, "CPM-İnvest İnvestisiya Şirkəti" ASC, "Troni İnvestisiya Şirkəti" QSC və "Capital Partners İnvestisiya Şirkəti" QSC də yer alır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре