Dənizdə boğulmaların səbəbi AÇIQLANDI
Dənizdə boğulanlarla bağlı xəbərlər görməkdəyik. Lakin boğulmaların səbəbi hər zaman aydın olmur.
Day.Az-a açıqlamasında illərdir dənizdə uzun məsafələri üzərək qət edən ekoloq Qorxmaz İbrahimli boğulmaların əsas səbəblərini açıqlayıb.
O, qeyd edib ki, sağlamlığı ilə bağlı 2013-cü ildən yay-qış demədən hər gün kilometrlərlə məsafəni dənizdə üzür.
"Bəzən fırtınalı günlərdə dənizə giririk. Böyük dalğalarla qarşılaşırıq. Lakin əsas odur ki, düzgün nəfəs almağı və düzgün üzməyi biləsən. Elə vaxt olub ki, tək üzdüyüm zaman anidən ayaqlarımın hər ikisində də qıcolma baş verib. Bu zaman heç bir panika yaşamadan arxası üstə üzərək ayağımın düzəlməsini gözlədim. Çünki qorxunun əcələ faydası yoxdur.
Dənizdə boğulma halları əsasən çimərliklərdə, yəni şelf zonasında 2-2.5 metr yarım dərinliyi olan məsafələrdədir. Bəzən çuxurların olduğu, dəniz torpağının qazıldığı kimi əsassız iddialar səslənir. Dərinlikdən asılı olmayaraq sahildən uzaqlaşdıqca insanın ayağı yerə dəymir. Bir şeyi bilmək lazımdır ki, hər hansı ağırlıq vasitən yoxdursa suyun dərinliyinə enmək olmur. Suyun təzyiqi insanı qaytarır.
Suda boğulmanın bir səbəbi var, o da məlumatsızlıq. Valideynlər uşaqlarına üzmə öyrətmirlər. İbtidai sinifdən başlayaraq uşağını ali məktəbə hazırlamaq üçün pul xərcləyirlər, amma cəmi 50 manat verib üzgüçülük kursuna yazdırmırlar. Dənizi olan dövlətdə hər kəs üzməyi bilməlidir.
Xəzər dənizinin sahilində yaşayıb üzməyi bilməmək bir növ nöqsandır. İnsanlar üzməlidirlər, dənizdən faydalanmalıdırlar. Tək dənizdən yox, ölkənin hər yerində kanallar və çaylar var. Uşaqlara üzmək öyrətsək, boğulma halları baş verməz", - o deyib.
Ekoloq bildirib ki, heç bir axıntıdan qorxmaq lazım deyil:
"Axıntılar maksimum 50 metr enində olur. Axıntıya qapılan zaman sakitcə uzaqlaşmaq lazımdır. Bilmək lazımdır ki, onsuz da növbəti dalğa onu qaytarır. Ona qapılanda əksinə üzmək insanı yorur. Bu zaman isə insan panikadan boğulur.
İnsanların bir çoxu ayağı yerdən üzüldükdə əllərini qaldırıb hay-qışqırıq yaradaraq yardım çağırmağa çalışırlar. Bu zaman mıx effekti yaranır. İnsan şaquli istiqamətdə suya girir və ağzına su dolur. Ağciyərlərə su gedəndən dörd dəqiqə sonra insanın yaşaması qeyri-mümkün olur. Belə halla qarşılaşdıqda arxası üstə dönüb düz uzanmaq lazımdır.
Dənizin dibində hər hansı relyef dəyişməsi baş veribsə, onun çimərliyə heç bir aidiyyəti yoxdur. Çimərliklərin hamısı vaxtaşırı yoxlanılır. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri dənizin altında nə varsa hamısını xəritələyirlər. Boğulmaları bu cür bəhanələrə bağlamaq yanlışdır," - o vurğulayıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре