Azərbaycan və AİİB əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Azərbaycan və AİİB əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Dohada keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 11-ci İllik Toplantısı çərçivəsində Bankın prezidenti xanım Zou Jiayi ilə görüşdük.
Həmtəsisçisi olduğumuz Bankla tərəfdaşlığa önəm verdiyimizi vurğuladıq. AİİB-in üzv ölkələrdə infrastrukturun inkişafına, dayanıqlı inkişafa, "yaşıl iqtisadiyyat"a keçid və "yaşıl enerji"nin təşviqinə verdiyi dəstək barədə fikir mübadiləsi apardıq.
Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi üzrə layihələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - paylaşımda qeyd edilib.
Bir müddət əvvəl AİİB-nin baş iqtisadçısı Konor Barrinin Trend-ə verdiyi açıqlamaya görə, bu istiqamətlər Bankın Azərbaycanla əməkdaşlığının əsas prioritetlərini təşkil edir.
O bildirib ki, Azərbaycan və qonşu ölkələr arasında "yaşıl" elektrik enerjisi bazarının yaradılması AİİB-nin iştirak etməkdə maraqlı olduğu mühüm təşəbbüslərdən biridir.
"Biz Azərbaycana AİİB olaraq əvvəlcədən müəyyən edilmiş prioritetlərlə gəlmirik. Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində ölkənin inkişaf məqsədlərindən çıxış edərək fəaliyyət göstəririk. Bu məqsədləri transsərhəd bağlantı, "yaşıl" infrastruktur və rəqəmsal həllər də daxil olmaqla, infrastruktur üçün mühüm hesab etdiyimiz istiqamətlərlə uzlaşdırmağa çalışırıq", - deyə K.Barri bildirib.
AİİB-nin baş iqtisadçısı qeyd edib ki, Bank Azərbaycanda bərpaolunan enerji sahəsində, o cümlədən iri həcmli günəş enerjisi layihələrində iştirak edib.
"Biz hesab edirik ki, bu istiqamət özəl investisiyalar üçün imkanlar açmaqda davam edəcək. Məqsədimiz daha böyük həcmdə özəl kapital cəlb etməkdir ki, həm daxili, həm də beynəlxalq əlavə özəl investisiyaların bərpaolunan enerjiyə və elektrik mobilliyinə yönəldilməsində multiplikator rolunda çıxış edək", - deyə o vurğulayıb.
K.Barri əlavə edib ki, AİİB investisiyalarının ümumi həcmində iqlim maliyyələşdirməsinin payı artıq 50 faizi ötüb.
"Hazırda 70 faizə çatmağa can atırıq. Bizim üçün növbəti mərhələ təkcə kəmiyyət baxımından artımı deyil, həm də keyfiyyət baxımından təsirin təmin edilməsini və iqlim dayanıqlığının artırılmasını nəzərdə tutur", - deyə o bildirib.
O, Azərbaycanla çoxillik investisiya proqramının hazırlanmasının tərəflərə əməkdaşlığın prioritet istiqamətlərini daha aydın müəyyənləşdirməyə imkan verəcəyini bildirib.
"Belə bir proqramın razılaşdırılması bankın konkret ölkədə maliyyələşdirə biləcəyi layihələrin tam siyahısı kimi nəzərdən keçirilmir. Bu, daha çox bankın və ölkənin qarşıdakı illərdə inkişaf etdirmək niyyətində olduğu əməkdaşlığın səviyyəsinə dair siqnaldır", - deyə K.Barri qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре