Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub - Rəşad Məcid
Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük bir qismi - 691-i katibliyin də həllini tapıb, tərəflər arasında anlaşıb, razılığa gəlinib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.
O qeyd edib ki, digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən toplanmış materiallar baxılmaq üçün şuranın şikayətlər üzrə komissiyasına təqdim edilib.
"Şikayətlər üzrə komissiyada baxılan 124 məsələdən 86-sı komissiya səviyyəsində həllini tapıb. 38 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün idarə heyətinə təqdim edilib. Beləliklə, şuranın idarə heyəti qurultaylar arası dövrdə ümumilikdə 38 qərar çıxarıb.
Qərarlarda əsasən jurnalistlərin qarşı tərəfin mövqeyini işıqlandırılmasına etinasız yanaşmaları vurğulanıb, müvafiq tövsiyələr ünvanlanıb. Onu da bildirək ki, katiblik səviyyəsində həllini tapmış bir çox şikayətlərdən başqa şuraya şifahi müraciətlər də daxil olub. Onların sayı rəsmi qaydada göndərilmiş şikayətlərin sayından təxminən iki dəfə çoxdur.
Əlbəttə, bir çox hallarda bu cür şikayətlərdə jurnalistlərdən narazılıq ifadə olunsa da, əslində mahiyyət mətbuat şurasının səlahiyyətlərindən uzaq olub. Bununla belə şifahi qaydada tərəflərə danışıqlar yolu ilə həll etdiyimiz məsələlər kifayət qədər çoxdur",- deyə o bildirib.
Qeyd edək ki, Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
Qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib. Onlardan 201 nəfəri qurultayda iştirak edir.
Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketləri əsasında Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlər müəyyənləşdirilib.
Hazırkı İdarə Heyətinin üzvlərindən Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Alqış Musayev, Akif Aşırlı və Yadigar Məmmədli adlarının seçki bülleteninə daxil edilməməsini xahiş ediblər.
Beləliklə, Mətbuat Şurasının İdarə Heyətinin 23 üzvlük tərkibində 13 yer üzrə dəyişiklik gözlənilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре