Azərbaycanda lombardların fəaliyyətinə nəzarət gücləndiriləcək
Azərbaycanda lombardların fəaliyyətinin tənzimlənməsi, onların lisenziyalaşdırılması və müştəri hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, lombard sektorunun tənzimlənməsi ilə bağlı qanunvericilik layihəsinin hazırlanması prosesi davam edir. Sənəddə lombardların fəaliyyətinə dair tələblərin, eləcə də müştərilərlə münasibətlərin tənzimlənməsi məsələlərinin əksini tapması nəzərdə tutulur.
"Burada məqsəd müştərilərin hüquqlarının pozulmasının qarşısını almaq, onların lombardlara girov qoyduqları əmlakın qorunmasını təmin etmək və eyni zamanda, sektorun fəaliyyətini müvafiq qanunvericilik çərçivəsində davam etdirməsinə şərait yaratmaqdır", - deyə o qeyd edib.
Baş direktorun sözlərinə görə, qanun layihəsi hazırlandıqdan və müvafiq razılaşdırma prosedurlarından keçdikdən sonra lombardların fəaliyyətinin tənzimlənməsi üzrə növbəti mərhələyə başlanılacaq. Bu çərçivədə müvafiq qaydaların və digər normativ sənədlərin hazırlanması da nəzərdə tutulur.
Ş. Mahmudzadə bildirib ki, yeni tələblərin qüvvəyə minməsindən sonra lombardlara fəaliyyətlərini qanunvericiliyə uyğunlaşdırmaq üçün müəyyən keçid müddətinin verilməsi məsələsi də nəzərdən keçiriləcək.
"Lombardlara öz fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmaq üçün vaxt veriləcək. Tələblərə uyğunlaşa bilməyən subyektlərin fəaliyyətinin dayandırılması və lisenziyalaşdırma ilə bağlı məsələlər isə müəyyənləşdiriləcək qaydalar çərçivəsində həllini tapacaq", - deyə baş direktor vurğulayıb.
O əlavə edib ki, qanun layihəsinin hazırlanması ilə yanaşı, onun hökumətlə razılaşdırılması, qüvvəyə minməsi və tətbiq mexanizmlərini müəyyən edən normativ sənədlərin qəbul edilməsi də zəruridir. Buna görə də lombard sektorunun tənzimlənməsinin konkret mexanizmləri müvafiq prosedurlar başa çatdıqdan sonra müəyyənləşəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре