https://news.day.az/azerinews/1867092.html “PAŞA Bank” Qarabağda 70-ə yaxın sahibkara dəstək göstərib "PAŞA Bank" dövlətlə əməkdaşlıq çərçivəsində Qarabağda 70-ə yaxın kiçik və orta sahibkara dəstək göstərib, onların sahibkarlıq bacarıqlarının inkişafı üçün təlim proqramları təşkil edib.

“PAŞA Bank” Qarabağda 70-ə yaxın sahibkara dəstək göstərib

Azərbaycanca, 14 октября 2026 19:43 (UTC +04:00) 261
“PAŞA Bank” Qarabağda 70-ə yaxın sahibkara dəstək göstərib

"PAŞA Bank" dövlətlə əməkdaşlıq çərçivəsində Qarabağda 70-ə yaxın kiçik və orta sahibkara dəstək göstərib, onların sahibkarlıq bacarıqlarının inkişafı üçün təlim proqramları təşkil edib. Bank bölgədə insan kapitalının formalaşmasına, yerli sahibkarların fəaliyyətinin gücləndirilməsinə və qayıdış prosesinə töhfə verməyə davam etməyi planlaşdırır.

Trend-in tədbirdə iştirak edən müxbirinin xəbərinə görə, bunu" PAŞA Bank"ın İnsan Resursları üzrə Baş Direktoru Zibeydə Hacıyeva Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən "Rebuild Garabagh" sərgisində təşkil olunan "Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar" panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağa qayıdış prosesində dövlət proqramları ilə yanaşı, özəl sektorun da rolu mühümdür. "PAŞA Bank", "PAŞA Maliyyə Holdinqi"nin tərkib hissəsi və "PAŞA Qrupu"nun üzvü kimi, bu prosesi korporativ vətəndaşlıq məsuliyyətinin vacib istiqamətlərindən biri hesab edir.

"Bu proses hər birimizin ruhuna, qəlbinə yaxındır, önəmlidir və təbii ki, biz Qarabağda varıq", - deyə Zibeydə Hacıyeva bildirib.

Onun sözlərinə görə, "PAŞA Qrupu"nun Qarabağda fəaliyyəti müxtəlif istiqamətləri əhatə edir. Holdinq aqrar sektorda və fermerlərlə işləri davam etdirir, bölgədə otelçilik fəaliyyəti həyata keçirilir, "Bravo" mağazası fəaliyyət göstərir. "PAŞA Maliyyə Holdinqi"nin tərkibindəki iki sığorta şirkəti və iki bank da bu ekosistemin bir hissəsidir. "PAŞA Bank" isə hazırda Şuşada fəaliyyət göstərir.

Zibeydə Hacıyeva qeyd edib ki, bütün bu fəaliyyətlərin əsas məqsədlərindən biri Qarabağda sahibkarları dəstəkləmək, bölgənin kadr potensialını və insan kapitalını inkişaf etdirməkdir. Buradakı strukturlarda çalışan əməkdaşlar da zamanla "PAŞA Qrupu"nun böyük komandasının və ekosisteminin bir hissəsinə çevrilirlər.

O vurğulayıb ki, "PAŞA Bank" və bütövlükdə şirkətlər qrupu insan kapitalının inkişafına, əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verir və bu istiqamətə davamlı olaraq investisiya yatırır.

"Biz bu qayıdış prosesində mühüm rol oynamaq istəyirik və bunun üçün əlimizdən gələni edirik", - deyə bank rəsmisi bildirib.

Zibeydə Hacıyeva Qarabağda həyata keçirilən fəaliyyətlərin yalnız kommersiya və biznes maraqları ilə məhdudlaşmadığını, sosial layihələrin də mühüm yer tutduğunu diqqətə çatdırıb.

O bildirib ki, "PAŞA Bank" Qarabağ Universiteti ilə əməkdaşlıq çərçivəsində yüksək balla universitetə qəbul olunan tələbələri noutbuk və kompüterlərlə təmin edib.

Bank rəsmisinin sözlərinə görə, regionların inkişafı baxımından sosial məsuliyyət layihələri ilə yanaşı, müxtəlif hakatonların keçirilməsi, akademik və dövlət qurumları ilə əməkdaşlıq da əhəmiyyətlidir.

 

Zibeydə Hacıyeva qeyd edib ki, "PAŞA Bank" dövlətlə birgə Qarabağda 70-ə yaxın kiçik və orta sahibkara dəstək göstərib. Həmin proqram çərçivəsində sahibkarlar üçün təlimlər təşkil olunub ki, onların biznes və idarəetmə bacarıqları daha da inkişaf etsin.

O vurğulayıb ki, əməkdaş kimi çalışmaqla sahibkarlıq fəaliyyəti fərqli bacarıqlar tələb edir və hər iki istiqamət Qarabağın inkişafı üçün vacibdir.

"İşçi olmaq bir bacarıqdır, sahibkar olmaq isə başqa bir bacarıqdır. Bunların hər ikisi Qarabağda çox önəmlidir", - deyə Zibeydə Hacıyeva bildirib.

O əlavə edib ki, "PAŞA Bank" Qarabağın dirçəlişi və qayıdış prosesində iştirakını davam etdirəcək, bölgənin inkişafına töhfə vermək üçün imkanları daxilində bütün səylərini göstərəcək.

Qeyd edək ki, Azərbaycanda tikinti, Qarabağın bərpası, mühəndis-kommunikasiya sistemləri, plastik və polimer sənayesi, eləcə də yol infrastrukturu və ictimai nəqliyyat sahələrini əhatə edən Xəzər İnşaat Həftəsi işə başlayıb.

Oktyabrın 14-dən 16-dək Bakı Ekspo Mərkəzində keçirilən tədbir çərçivəsində dörd beynəlxalq sərgi və paralel olaraq yol infrastrukturu və ictimai nəqliyyat üzrə daha bir beynəlxalq sərgi təşkil olunur.

Xəzər İnşaat Həftəsi müxtəlif sənaye sahələrini təmsil edən şirkətlərin məhsul və həllərini nümayiş etdirməsi, sektor iştirakçılarının bir araya gəlməsi və peşəkar əlaqələrin qurulması üçün platforma rolunu oynayır. Tədbir tikinti materiallarından istilik və havalandırma avadanlıqlarına, Qarabağın bərpası üçün nəzərdə tutulan həllərdən plastik və polimer sənayesinə, yol infrastrukturundan ictimai nəqliyyata qədər bir neçə istiqaməti əhatə edir.

Həftə çərçivəsində keçirilən sərgilər həm yerli, həm də xarici şirkətlərə öz məhsul və texnologiyalarını təqdim etmək, bazardakı yenilikləri izləmək və potensial tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə etmək üçün şərait yaradır.

Xəzər İnşaat Həftəsi çərçivəsində sərgi nümayişləri ilə yanaşı, müxtəlif mövzularda panel müzakirələri, innovasiya sessiyaları və biznes təqdimatları da təşkil olunur.

Tədbirin proqramında sərgi iştirakçıları və dəvət olunmuş şirkətlər üçün ikitərəfli B2B və B2G işgüzar görüşləri də nəzərdə tutulub. Bu görüşlər şirkətlərin bir-biri, eləcə də müvafiq qurumlarla əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün təşkil olunur.

Beləliklə, üç gün davam edəcək Xəzər İnşaat Həftəsi tikinti, mühəndislik, sənaye, Qarabağın bərpası, memarlıq və nəqliyyat sahələrini bir araya gətirir. Sərgilər və işgüzar tədbirlər şirkətlərə məhsul və texnologiyalarını təqdim etmək, sahələr üzrə yenilikləri izləmək və yeni əməkdaşlıq əlaqələri qurmaq imkanı verir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости