AQEM sammiti: Bakıya hansı ölkələrin liderləri gəlir?
Oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə iştirak etmək üçün bir sıra ölkələrin dövlət və hökumət nümayəndələri Azərbaycana gəlib, digər ölkələrin yüksəkvəzifəli şəxslərinin isə səfərləri gözlənilir.
Day.Az xəbər verir ki, Trend-in araşdırmasına görə, Laos Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Bakıda rəsmi qarşılanıb. O, Prezident İlham Əliyevlə görüş keçirib.
Kamboca Krallığının Baş naziri Hun Manet də oktyabrın 12-də Azərbaycana gəlib və Prezident İlham Əliyevlə görüşüb. Hər iki ölkənin rəhbərlərinin AQEM-in VII Zirvə Görüşündə iştirakı gözlənilir.
Hindistanın xarici işlər naziri Kirti Vardhan Sinqh oktyabrın 14-də sammitdə iştirak etmək üçün Bakıya gəldiyini açıqlayıb. O, sosial şəbəkə hesabında regional əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı etimadın formalaşdırılması, Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin təşviqi məsələləri üzrə müzakirələr aparacağını bildirib.
Çin Xalq Respublikasının xarici işlər naziri Van İ də oktyabrın 15-də keçiriləcək sammitdə iştirak edəcək. Çin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Van İ tədbirdə Çin Prezidenti Si Cinpinin xüsusi nümayəndəsi qismində iştirak etmək üçün oktyabrın 14-20-də Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstana səfər edəcək.
Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin də oktyabrın 14-15-də Azərbaycana işgüzar səfəri nəzərdə tutulub. Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, o, Bakıda keçiriləcək sammitdə iştirak edəcək və tədbir çərçivəsində xarici nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.
Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vijita Herat ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək. Şri-Lankanın Xarici İşlər Nazirliyi bildirib ki, nazir sammitdə ölkəsinin mövqeyini əks etdirən bəyanatla çıxış edəcək. Onun səfəri çərçivəsində Qazaxıstan, Özbəkistan və Tacikistan nümayəndələri, eləcə də Azərbaycan tərəfi və AQEM-in baş katibi ilə görüşləri planlaşdırılır.
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Xəlifə bin Şahin Əl-Mərarın da ölkəsinin nümayəndə heyətinə rəhbərlik edərək sammitdə iştirakı gözlənilir.
Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko da sammitdə Belarus tərəfini təmsil edəcək. Bundan başqa, Pakistan Baş naziri Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadır Japarov və Fələstinin xarici işlər naziri Varsen Aqabekyan Şahinin də tədbirdə iştirakı gözlənilən şəxslər sırasında olduğu bildirilir.
Banqladeşin xarici işlər üzrə dövlət naziri Humayun Kabirin də oktyabrın 15-16-da Azərbaycanda olacağı və AQEM-in yüksək səviyyəli tədbirində iştirak edəcəyi barədə məlumat yayılıb.
Qeyd edək ki, AQEM-in VII Zirvə Görüşü Azərbaycanın sədrliyi ilə keçiriləcək. Təşkilatın 28 üzv dövləti var. Sammitdə Asiyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması, nəqliyyat əlaqələri, rəqəmsallaşma və dayanıqlı iqtisadi artım məsələlərinin müzakirəsi nəzərdə tutulur. Tədbirin yekununda Bakı Bəyannaməsinin və AQEM-in rolunun, eləcə də fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş qərarlar paketinin qəbul edilməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycanın AQEM-də sədrliyi 2024-cü il dekabrın 17-də başlayıb. "Daha güclü AQEM: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf" şüarı altında həyata keçirilən sədrliyin əsas prioritetləri təşkilat daxilində əməkdaşlığın genişləndirilməsi, institusional inkişafın sürətləndirilməsi və iqtisadi, humanitar və ekoloji sahələrdə əlaqələrin gücləndirilməsi olub.
Sədrliyin əsas nəticələri sırasında AQEM Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, AQEM Qadınlar Şurasının yaradılması və AQEM Maliyyə Sammitinin Nizamnaməsinin təsdiqlənməsi yer alır. Azərbaycan, həmçinin, AQEM-in Biznes Şurası və Biznes Forumuna, Gənclər Forumuna, eləcə də 13-cü AQEM Beyin Mərkəzləri Forumuna ev sahibliyi edib. Müxtəlif sahələrdə təşkil olunan tədbirlər üzv dövlətlər arasında qarşılıqlı etimadın və praktiki əməkdaşlığın gücləndirilməsinə xidmət edib.
Azərbaycan sədrliyi dövründə AQEM-in beynəlxalq təşkilata transformasiyası istiqamətində də işlər davam etdirilib. Müşavirənin beynəlxalq hüquqi statusunu müəyyən edəcək nizamnamə layihəsi üzrə danışıqlar aparılıb. Bundan əlavə, 2025-ci il sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən AQEM Nazirlər Şurasının qeyri-rəsmi iclasında BMT-nin yaradılmasının 80-ci ildönümü ilə bağlı bəyanat qəbul edilib və Azərbaycanın sədrliyi çərçivəsində görülən işlər yüksək qiymətləndirilib.
Azərbaycanın 2024-2026-cı illərdəki sədrliyi AQEM-in Asiyada dialoq, etimad quruculuğu və çoxtərəfli əməkdaşlıq platforması kimi mövqeyinin gücləndirilməsinə yönəlib. 2026-cı il oktyabrın 15-də Bakıda keçiriləcək VII Zirvə Görüşü təşkilatın gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре