https://news.day.az/azerinews/1866806.html Azərbaycanın böyük dayısı yoxdur: Türkiyə qardaşımızdır, amma hamı yerini bilsin! Azərbaycan və Türkiyə münasibətləri ortaq tarixə, mədəniyyətə, dilə, qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykənir. Bu münasibətlər illər ərzində sınaqlardan keçib, hər iki ölkənin maraqlarına xidmət edən mühüm siyasi, iqtisadi və hərbi əməkdaşlıq modeli formalaşdırıb. Türkiyə Azərbaycan üçün hər zaman dost və qardaş ölkə olacaq.

Azərbaycanın böyük dayısı yoxdur: Türkiyə qardaşımızdır, amma hamı yerini bilsin!

Azərbaycanca, 13 октября 2026 19:59 (UTC +04:00) 310
Azərbaycanın böyük dayısı yoxdur:

Mənbə: Trend

Azərbaycan və Türkiyə münasibətləri ortaq tarixə, mədəniyyətə, dilə, qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykənir. Bu münasibətlər illər ərzində sınaqlardan keçib, hər iki ölkənin maraqlarına xidmət edən mühüm siyasi, iqtisadi və hərbi əməkdaşlıq modeli formalaşdırıb. Türkiyə Azərbaycan üçün hər zaman dost və qardaş ölkə olacaq. Lakin qardaşlıq münasibətləri heç kimə Azərbaycana yol göstərmək, onun daxili qərarlarını mühakimə etmək və ya dövlət siyasətinə müdaxilə etmək hüququ vermir.

Son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın və bəzi siyasi-ictimai şəxslərin Azərbaycanda məktəbli geyimi ilə bağlı qərarlara münasibəti bu baxımdan ciddi suallar doğurur. Saral sosial şəbəkə hesabında Azərbaycanda hicablı şagirdlərin təhsil hüquqlarının məhdudlaşdırıldığını iddia edib və ölkəmizi bu qərardan geri çəkilməyə çağırıb. Halbuki söhbət Azərbaycanın təhsil sistemində tətbiq olunan qaydalardan, dövlət məktəblərinin fəaliyyət prinsiplərindən və ölkənin özünün müəyyən etdiyi hüquqi çərçivədən gedir.

Türkiyə Prezidentinin yaxın müşavirinin başqa bir suveren dövlətin daxili təhsil siyasəti ilə bağlı bu tonda danışması qəbuledilməzdir. Eyni məsələyə münasibət bildirən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi təmsilçiləri də unutmamalıdırlar ki, Azərbaycan öz qərarlarını xarici siyasi mərkəzlərin gözləntilərinə uyğunlaşdıran ölkə deyil.

Türkiyə Azərbaycanın böyük qardaşı deyil, qardaş ölkəsidir. Bu iki anlayış arasında mühüm fərq var. Qardaşlıq bərabərliyi, qarşılıqlı hörməti və bir-birinin seçimlərinə anlayışla yanaşmağı tələb edir. Böyük qardaşlıq iddiası isə münasibətləri tərəflərdən birinin digərinə yol göstərdiyi, onun qərarlarını qiymətləndirdiyi və lazım gəldikdə müdaxilə etməyi özünə haqq bildiyi müstəviyə keçirə bilər. Azərbaycan-Türkiyə münasibətləri heç vaxt belə yanaşmaya əsaslanmayıb və əsaslanmamalıdır.

Azərbaycanın Türkiyəyə münasibəti, bu ölkə ilə əməkdaşlığa verdiyi dəyər və ortaq maraqların qorunması istiqamətində atdığı addımlar heç kimdə şübhə doğurmamalıdır. İki ölkə siyasi, iqtisadi, enerji, nəqliyyat və müdafiə sahələrində mühüm layihələr həyata keçirib. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, müqavilələrə və tərəfdaşlıq prinsiplərinə sadiq qalıb. Bu münasibətlərdə Azərbaycanın Türkiyə qarşısında hansısa mənəvi borcunun olması fikrindən çıxış edərək onun müstəqil qərarlarına təsir göstərməyə çalışmaq doğru yanaşma deyil.

Tarixi köklər, ortaq dil və mədəniyyət, çətin günlərdə göstərilən qarşılıqlı dəstək iki ölkəni birləşdirən dəyərlərdir. Ancaq bunlar siyasi təsir vasitəsinə çevrilməməlidir. Azərbaycanın Türkiyəyə dost münasibəti və strateji tərəfdaşlığa verdiyi əhəmiyyət onun öz suverenliyindən imtina etməsi demək deyil. Minnətdarlıq müstəqil qərarvermə hüququnu məhdudlaşdıran öhdəlik sayıla bilməz.

Azərbaycan müstəqil xarici siyasət yürüdən, beynəlxalq və regional proseslərdə öz mövqeyini ortaya qoyan ölkədir. Bunun nümunələri kifayət qədərdir. Bakı müxtəlif geosiyasi düşərgələrə mənsub dövlətlərlə əlaqələr qurur, qarşıdurma yaşayan tərəflər arasında dialoq üçün platforma təqdim edir və milli maraqlarını əsas götürərək qərarlar verir. Bu siyasət təsadüfi deyil, Azərbaycanın dövlətçilik strategiyasının əsas prinsiplərindən biridir.

Ölkəmizin müstəqilliyi yalnız başqa dövlətlərin qərarlarına tabe olmamaqla ölçülmür. Müstəqillik, eyni zamanda, daxili məsələlərə dair qərarları özü qəbul etmək, həmin qərarları öz qanunları və milli maraqları əsasında həyata keçirmək deməkdir. Azərbaycan bu prinsipdən nə Türkiyə ilə münasibətlərində, nə də digər tərəfdaşları ilə əlaqələrində geri çəkilə bilər.

Məktəbli geyimi məsələsi də məhz bu çərçivədə qiymətləndirilməlidir. Dövlət məktəblərində geyim qaydaları Azərbaycanın qanunvericiliyinə və təhsil siyasətinə aiddir. Bu məsələni dini qarşıdurma mövzusuna çevirmək, Azərbaycanı dini azadlıqları məhdudlaşdıran ölkə kimi təqdim etmək və xaricdən siyasi təzyiq yaratmağa çalışmaq problemin mahiyyətini təhrif edir.

Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri yaşayır, dini inanclara və mədəni fərqlərə hörmət göstərilir. Multikulturalizm Azərbaycanın ictimai həyatının mühüm xüsusiyyətlərindən biridir və bu yanaşma bundan sonra da qorunacaq. Ancaq dini etiqad azadlığı ilə dövlətin təhsil sistemində ümumi qaydalar müəyyən etmək hüququ bir-birinə zidd anlayışlar kimi təqdim edilməməlidir.

Məktəb yalnız bilik verilən yer deyil, eyni zamanda uşaqların dünyagörüşünün formalaşdığı, sosial münasibətləri və vətəndaşlıq məsuliyyətini öyrəndiyi məkandır. Burada qız və oğlan şagirdlərin bərabər təhsil imkanlarının qorunması, onların hər hansı dini və ya ideoloji təzyiq altında qalmaması da əhəmiyyətlidir. Qız uşaqlarının təhsilə çıxışını dini mübahisələrin alətinə çevirmək əvəzinə, onların təhsil hüququnun və gələcək imkanlarının qorunmasına diqqət yetirilməlidir.

Azərbaycanın müəyyən etdiyi məktəbli geyimi qaydalarını tənqid etmək mümkündür. Lakin bu müzakirə ölkənin hüquqi sistemi və daxili ictimai müzakirələr çərçivəsində aparılmalıdır. Heç bir xarici ölkənin rəsmisi Azərbaycanın məktəblərində hansı qaydaların tətbiq olunmalı olduğuna dair özünü qərarverici mövqedə təqdim etməməlidir. Dostluq və tərəfdaşlıq da məhz belə həssas məsələlərdə qarşılıqlı hörmətlə ölçülür.

Türkiyənin özünün iqtisadi və ictimai-siyasi çağırışlarla üzləşdiyi, dini dəyərlərlə dünyəvi həyat prinsipləri arasındakı müzakirələrin də ölkə gündəmində yer aldığı bir dövrdə Azərbaycanla bağlı bu cür açıqlamaların verilməsi də əlavə suallar doğurur. Əlbəttə, Türkiyənin daxili problemləri Azərbaycanın qərarlarını müəyyən etmir. Eyni qayda ilə Türkiyənin siyasi gündəliyi də Azərbaycanın daxili siyasətinə istiqamət verə bilməz.

Əsas sual budur: Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi hər iki tərəfin maraqlarına xidmət etdiyi halda, Azərbaycanın həssas ictimai məsələsi ətrafında gərginliyi artıran, daxildə mübahisələri dərinləşdirə biləcək açıqlamalar kimə və nəyə xidmət edir? Bu cür yanaşmalar iki ölkənin münasibətlərinə töhfə vermir, əksinə, qarşılıqlı etimada kölgə sala bilər.

Türkiyənin Azərbaycan üçün əhəmiyyəti mübahisə mövzusu deyil. Eyni zamanda, Azərbaycanın Türkiyə üçün strateji tərəfdaş kimi əhəmiyyəti də danılmazdır. Bu münasibətlərin gücü tərəflərdən birinin digərinə təsir imkanlarında deyil, müstəqil dövlətlərin bərabərhüquqlu əməkdaşlığındadır. Azərbaycan-Türkiyə qardaşlığı hansısa ölkənin digərinə siyasi üstünlük iddiası üzərində deyil, ortaq maraqlar və qarşılıqlı hörmət üzərində dayanmalıdır.

Azərbaycan heç vaxt öz dövlətçilik qərarlarını hansısa ölkənin himayədarlığına bağlamayıb. Ölkəmiz beynəlxalq münasibətlərdə öz mövqeyini formalaşdırıb, mürəkkəb regional proseslərdə müstəqil qərarlar qəbul edib və milli maraqlarını müdafiə edib. Bu baxımdan, Azərbaycanın Türkiyəyə dost münasibətini onun daxili işlərinə müdaxilə üçün əsas kimi görmək nə siyasi, nə də mənəvi baxımdan doğru yanaşmadır.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı bu məsələdə Azərbaycanın dövlətçilik mövqeyini aydın ifadə edir. Dövlət başçısı müxtəlif ölkələrin xarici himayəyə arxalanması ilə Azərbaycanın müstəqil yolunu müqayisə edərək deyib:

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi".

Prezident daha sonra Azərbaycanın xarici siyasətinin əsas prinsipini də vurğulayıb:

"Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib".

Azərbaycanın böyük dayısı yoxdur. Azərbaycan öz qərarlarını özü verir, öz yolunu özü müəyyənləşdirir. Türkiyə isə bu müstəqil dövlətin dostu və qardaşıdır. Məhz buna görə də iki ölkə arasında münasibətlərdə qardaşlıq qarşılıqlı hörmətin, suverenlik isə bütün siyasi münasibətlərin dəyişməz əsasının adı olaraq qalmalıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости