Prezident İlham Əliyev: Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər

Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Əgər onlar indi dayansalar və konstruktiv davransalar, əgər onlar Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə sadiq olsalar, onda əlbəttə hər şey dayanar və biz danışıqlar masasına geri qayıdarıq. Yeri gəlmişkən, mən 17 ildir ki, bu prosesin içindəyəm. Mən Ermənistanın iki əvvəlki prezidenti ilə işləmişəm və biz böyük olmasa da, irəliləyiş əldə etmişdik. Biz mütəmadi olaraq görüşürdük. Moskvada, Parisdə, Vaşinqtonda mütəmadi görüşlər olurdu. Lakin Paşinyan hakimiyyətə gələndən sonra o, təkcə bəyanatları ilə deyil, həm də hərbi təxribatları ilə danışıqlar prosesini pozmaq üçün faktiki olaraq hər şeyi etdi. Artıq hakimiyyətə gələndən 2 il və daha artıq müddətdə proses yoxdur. Əlbəttə, mən düşünürəm ki, siyasi həll mümkündür. Lakin Ermənistan hökuməti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünki, status-kvo artıq mövcud deyil, təmas xətti artıq mövcud deyil. Biz yerində yeni reallıq yaratdıq və onlar bunu nəzərə almalıdırlar".