“Ermənistan özünü digər güclərə sırımaq yolunu tutub”

"Bu gün "Qarabağ Ermənistandır və nöqtə" deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın".

Bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.

Day.Az xəbər verir ki, siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, ölkə başçısının fikrincə, Ermənistan satqınlıq yolu ilə müttəfiq axtarışındadır: "Bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir. İndi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Bunun heç bir xeyri olmayacaq. Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var -  bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, - hansı ki, indi onlar ancaq bunu istəyirlər, - rahat yaşaya bilərlər".

Bir daha bəlli olur ki, Ermənistan üçün satqınlıq yolu ilə müttəfiq axtarmaq adi haldır.

Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, ermənilər qədimdən satqınlıq və riyakarlıqla fərqlənən bir toplumdur: "Bu barədə çoxsaylı faktlar mövcuddur. "Qarabağ Ermənistandır və nöqtə" deyən Paşinyan hakimiyyətinə biz Qarabağın Azərbaycan olduğunu sübut etdik. Özü də bunu təkcə sözdə yox, əməldə də göstərdik. Bunu biz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində sübut etdik və torpaqlarımızı geri qaytardıq. Azərbaycan həm 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanı, həm də ondan sonrakı razılaşmaları yerinə yetirir. Ancaq Ermənistan tərəfi 10 noyabr razılaşmasının bəndlərini, əsasən də 4-cü və 9-cu bəndləri icra etmir. Prezidentimiz məlum çıxışında Ermənistana həm də xatırlatdı ki, bəyannaməni yerinə yetirin. Verdiyiniz sözə və qol çəkdiyiniz bəyannaməyə əməl edin. Ancaq hər zaman olduğu kimi, bu dəfə də ermənilər riyakarcasına öz öhdəliklərindən yayınırlar. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti Rusiyadan qopmağa çalışır. Xüsusən də ötən ilin yayından bu tendensiya daha da güclənib və müxtəlif vasitələrlə Moskvanı iqnor edirlər. Ötən ilin noyabrında KTMT-nin İrəvanda keçirilən toplantısında Paşinyan yekun bəyanatı imzalamaqdan imtina etdi. Daha sonra birgə təlimlərin keçirilməsindən imtina etdi. Faktiki olaraq, o vaxtdan Paşinyan hakimiyyəti "isti qucaq" axtarır və əsasən Fransaya stavka edir. Bütün bunların nəticəsində Avropa İttifaqı monitorinq missiyasının Ermənistan sərhədinə gəlməsinə nail oldular. Monitorinq missiyası da əsasən Fransa jandarmeriyasından ibarətdir. Bütün bunlar, faktiki olaraq, Ermənistanın Rusiyadan qopmaq siyasətinin tərkib hissəsidir. Ermənistan özünü digər güclərə bir növ sırımaq yolunu tutub. Ancaq dünya liderləri Ermənistanın əsil xislətini bildikləri üçün buna ciddi yanaşmırlar. Bilirlər ki, Ermənistan satqınçılığı ilə ad çıxarmış ölkədir. Ona görə də Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər reallığı əks etdirir. Ancaq hesab edirəm ki, Ermənistan hakimiyyəti bu oyunbazlığı ilə öz məqsədlərinə çata bilməyəcək. Çünki proseslərin gedişi bunun əksini göstərir".