Reper Cin: “Bu mənim yaralı yerimdir”
Day.Az представляет интервью на азербайджанском языке.
Reper Ceyhun Zeynalovun Milli.Az-a müsahibəsi.
- Ceyhun Zeynalov, yoxsa Cin?
- Əvvəl Ceyhun Zeynalov, sonra Cin, daha sonra yenə də Ceyhun Zeynalov.
- Reper, yoxsa müğənni?
- Əvvəl müğənni, sonra reper, sonra yenə də müğənni (gülür).
- Müğənnilərin hər gün çoxaldığı bir vaxtda Ceyhun niyə müğənni olmaq istədi?
- Kəmiyyət keyfiyyət demək deyil, ona gorə.
- Repdən üz çevirmənizə əsas səbəb nədir?
- Rep söz oyunudur, rep demək üçün sözdən və şeiriyyatdan anlayışın olmalıdır. Məndə də bu istedad yetərincə var. Mən indiyə kimi mahnılarımın sözlərini özüm yazıram. O ki qaldı repə, artıq çoxdandır ki, özümü repçi kimi görmürəm və bəlkə də, elə bu səbəbdən repi axırıncı dəfə 2007-ci ildə demişəm.
- Repdən gəlir əldə etmək olmur ona görə?
- Repdən gəlir əldə etmək olmur sözü yalandır. Buna sübut olaraq dünya şöhrətli 50 Cent, Snoop Dog, Dr Dre və digərlərinin qazandığı milyonları misal gətirmək olar. Sadəcə bizdə rep o səviyyədə deyil. Yoxsa bizim də reperlər milyonlar qazanardılar.
- Ceyhun Zeynalovu həmkarlarından fərqləndirən cəhət hansıdır?
- "Mənim öz həyat tərzim, onların öz. Məndə hər şey əla, tfu-tfu, dəyməsin göz" (oxuyur)... Əlbəttə ki, mənim oxumağım, səs tembrim, xarici görünüşüm və s. hamısından fərqlənir.
- Paparassiyə tuş gəlsəniz, hansı vəziyyətdə daha çox yaxalanarsınız?
- Yəqin ki, dostlarımla və ya ailəmlə istirahət edəndə görüntülənə bilərəm. Çünki qalan vaxtlar mən işləyirəm. Axı mən nəinki müğənni, həm də aranjmançıyam.
- Xarici görünüşünüz modellərdən heç də fərqlənmir, bəlkə, özünüzü bir model kimi də sınayasız?
- Olar, niyə də yox. Əgər hər hansısa brendin siması olmam üçün təklif gəlsə, bu barədə düşünərəm.
- Bildiyimizə görə, balıq tutmaq kimi hobbiniz var. Torunuza tez-tez balıqlar düşür?
- Toruma deyəndə ki, mən balığı əksər vaxtlarda torla yox, arbalet tipli sualtı silahla, ya da pnevmatik sualtı silahla edirəm. O ki qaldı balığa, balıq düşsə də, düşməsə də, mənim üçün əsas ov prosesidir.
- Ceyhun Zeynalov qız fanatlari ilə ünsiyyət qurur?
- Necə deyərlər, aslanın erkəyi-dişisi olmaz. Fanatın da qadını, kişisi, qızı, oğlanı yoxdur. Əlbəttə ki, cinsindən asılı olmayaraq bütün fanatlarıma hörmətim hədsiz böyükdür. Çünki onlar mənim sənətimə hörmət edirlər. Hər şey qarşılıqlıdır.
- Aldığımız məlumatlara görə, evli olduğunuz halda evlilik təklifləri alırsınız. Nə cavab verirsiz bu təkliflərə?
- Oooouuuu... (gülür) Birtəhər başa salıram da... Yoluna qoyuram ki, heç kimin xətrinə dəyməyim.
- Yenidən sənətə gəlsəydiniz, yenə reper kimi başlayardınız, yoxsa müğənni kimi?
- Ümumiyyətlə, şükürlər olsun rəbbimə, həyatımdan çox razıyam. Düzdür, rep məndən çox şeyi alsa da, bir o qədər də verib. Ona görə də olarmı mən bu sualı yenidən həyata gəldikdən sonra cavablandırım?
- Şou-biznesdə Ceyhunun dostları kimlərdir?
- Şou-biznesdə dostlarım çoxdur. Adlarını çəkməyim, sonra kimisə unudaram, inciklik olar. Amma incəsənət aləmində ən yaxın dostlarım İsmayıl Əsədov, Rafiq, Ramin və Zaur Mirzəzadədir.
- Kişi sənətçilər öz güclərinə məşhur ola bilmirlər?
- Heç kim tək-tənha sənətdə yüksələ bilməz. Fərqi yoxdur, kişi və ya qadın sənətçi. Etiraf edirəm ki, mən bu həddə öz gücümə və dostlarımın sayəsində çatmışam.
- Sponsorlardan sizə iş təklifi gəlib?
- Konsertlə bağlı hələ ki, yox.
- Nəyə görə sizin sənətə kimsə pul xərcləmək istəmir?
- İstəyənlər, bəlkə də, var, amma ya onlar məni tanımırlar, ya da mən onları (gülür).
- Ceyhunun klipi niyə yoxdur?
- Eeeeehhhh... Bu mənim yaralı yerimdir. Səbəbi, komandamın çox yaxşı bir iş ortaya çıxarmaq istəyidir. Çox da istəyəndə, klipin büdcəsi, təbii ki, gəlir, çıxır kəllə-çarxa. Ona görə də hələ ki, klip yoxdur. Amma hal-hazırda iki klipin üzərində iş gedir. Onları, inşallah, tezliklə məni sevənlərə təqdim edəcəm.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре