Aydın Quliyev: “Mənim üçün əsas təcrübə və professionallıqdır”
"OLAYLAR"-ın "Həmkar" rubrikasının bu dəfəki cümə qonağı "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevdir.
- Aydın bəy, hazırda Azərbaycanda mətbuatın vəziyyətini necə dəyərləndirirsiniz?
- Mətbuatın vəziyyəti xoşbəxtlikdən dinamikdir, durğun vəziyyətdə deyil. Hər halda bir neçə il, xüsusilə də 2005-ci ilə qədərki dövrlə müqayisədə son 6-7 il ərzində mətbuatımızda müsbət tendensiyalar, inkişaf var. Prosesin belə davam etməsi məndə xeyli dərəcədə ümid yaradır ki, həm mətbuatımızın professional olaraq inkişafında, həm də jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasında indikindən də yaxşı mərhələyə çata bilərik.
- Etiraf etmək lazımdır ki, bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də problemlər mövcuddur. Bu sahədə əsas problemlər sırasında siz nələri görürsünüz?
- Burada məsələyə bir qədər şərti dövrüləşmə apararaq yanaşmaq lazımdır. On il əvvəl mətbuatın problemləri başqa idi, indiki mövcud problemlər isə başqadır. Ola bilsin ki, on ildən sonra da mətbuatımızın prolemləri başqa olacaq. Yəni mətbuatımız üçün hər hansı bir konkret dövrün konyikturasından irəli gələn problemlər başqa, strateji olaraq mətbuatımıza məxsus olan və bütün dövrlərdə özünü göstərən problemlər isə başqadır. Mən daha çox bütün dövrlər üçün xarakterik olan problemləri qeyd etmək istəyirəm. Hansı ki, bu gün üçün də həmin problemlər var. Bunlar birinci növbədə jurnalistlərin peşəkarlıq səviyyəsi ilə bağlıdır. Düzdür, nə qədər böyük inkişaf olsa da belə, amma etiraf edək ki, jurnalistlərimizin peşəkarlıq səviyyəsində müəyyən problemlər var. İkincisi, informasiya mənbələrinə birbaşa çıxış problemi də mövcuddur. Etiraf edək ki, burada doğurdan da problemlər var. Düzdür, bir neçə əvvəlki dövrlə müqayisə etmək çətin olsa da, ancaq faktiki bu gün də həmin problem mövcuddur. İnformasiya mənbələrinə çıxış ya ümumiyyətlə mümkün deyil, ya çox səthi səviyyədə mümkündür, ya da informasiya mənbələrinə çıxış məsələsində mətbuat orqanları arasında bir ayrıseçkilik var. Elə qəzet var ki, hər hansı bir nazirlikdən ümumiyyətlə birbaşa olaraq heç bir informasiya ala bilmir. Ancaq elə qəzetlər də var ki, bütün dövlət təşkilatlarında qapılar onun üzünə açıqdır. Yaxud elə qəzetlər var ki, dövlət təşkilatlarında ancaq müəyyən həddə qədər informasiyalar ala bilirlər. Bir sözlə bizim informasiya mənbələrinə çıxış məsələsində mətbuatımızın həqiqətən problemlər var. Bir də reklam bazarı hələ də mətbuatın üzünə bağlıdır. Bəlkə də reklam bazarı mətbuatımızın üzünə açılsa bu həm qəzetlərimizdə peşəkar səviyyənin yüksəlməsinə öz böyük təsirini göstərəcək, həm də jurnalistlərimizin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasında böyük rol oynayacaq. Ümumiyyətlə, hansı təbəqə olursa-olsun sosial vəziyyətin ağır olması həmin təbəqənin insanında tamamilə fərqli davranışlar ortaya qoymağa səbəb olur, tamamilə fərqli davranışlar formalaşdırır. Ancaq sosial-iqtisadi vəziyyət bir qədər yaxşılaşanda o davranışlar dəyişə bilir. Bir sözlə mətbuatımızın bugünkü problemləri professionallıq, informasiya mənbələrinə birbaşa çıxış və reklam bazarının bağlı olması ilə bağlıdır.
- "Bakı xəbər" qəzeti dövlət orqanlarına ünvanladığı sorğulara asanlıqla cavab ala bilirmi?
- Təssüflər olsun ki, bu cəhətdən biz də o qədər də arzuedilən vəziyyətdə deyilik. Yəni dövlət təşkilatlarının demək olar ki, 95 faizinin qapıları bizim üzümüzə bağlıdır, lazım olanda informasiyalar ala bilmirik. Bunun səbəbləri də bizə aydındır. Səbəblərin müəyyən bir hissəsi məxsusi olaraq "Bakı xəbər" qəzeti ilə bağlıdırsa, digər bir hissəsi isə dövlət orqanlarının özləri ilə bağlıdır. Azərbaycanda dövlət orqanlarının fəaliyyətində bir ənənə özünü göstərməkdədir ki, onlar mətbuatla işləməkdə o qədər də maraqlı deyillər. "Bakı xəbər" qəzetinin özü ilə bağlı tərəf isə ondan ibarətdir ki, bir vaxtlar "Bakı xəbər" qəzeti sırf partiyalı mətbuat orqanı kimi tanınıb, müxalifət siyasi partiyasının təbliğatı missiyasını birmənalı şəkildə öz üzərinə götürüb. Görünür keçmişdəki bu imicdə bu gün tamamilə bizim qəzetin üzərindən götürülmədiyinə görə, bəziləri bu qəzetlə informasiya sahəsində əməkdaşlıq etməkdə çətinlik çəkirlər. Ancaq biz çalışırıq ki, "Bakı xəbər" qəzeti tam müstəqil, tərəfsiz, hər hansı siyasi ambisiyadan uzaq olan qəzet imicini tam şəkildə formalaşdıra bilsin.
- Zaman-zaman jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə müxtəlif təkliflər irəli sürülüb. Tələbə qəbulu zamanı jurnalistika fakultəsini seçən gənclərin qabiliyyət imtahanı verməsi təklif edilib. Eləcə də BDU-da xüsusi kursların təşkili məqsədəuyğun sayılıb. Konkret olaraq siz qəzet rəhbəri olaraq jurnalistlərin peşəkarlığının artırılması üçün nələri təklif edərdiniz?
- Verilən təkliflər sözsüz ki, əhəmiyyətlidir. Onların hər biri həmin problemin həllində müəyyən rol oynaya bilər. Ancaq bu məsələnin həllinə köklü yanaşmaq lazımdır. Mətbuatda jurnalistlərin peşəkarlıq probleminin kökü nədədir, bu problem haradan qaynaqlanır, onu müəyən etmək lazımdır. Hesab edirəm ki, bu problemi kompleks şəkildə həll etmək üçün birinci növbədə mətbuatın iqtisadi müstəqilliyini daha da gücləndirmək lazımdır. Qəzetlərin birinci növbədə iqtisadi mənbələri olmalıdır. Qəzetlər hansısa sponsorun siyasi maraqları, prinsiplərindən asılı vəziyyətdə olduqca jurnalistlərin peşəkarlığı itir. Bu peşəkarlığı artırmağın yeganə kompleks yolu qəzetlərin istisadi müstəqilliyinin artırılmasıdır. Yəni qəzetlər özünün satdığı məhsullardan gələn pullardan, reklam bazarında özünün reytinqinə uyğun olaraq əldə etdiyi reklamın həcmindən, təssübkeş oxucularının ianələrindən asılı olmalıdır. Başqa hər hansı asılılıqlar qəzetlərin inkişafına maneçilik törədir, onun iqtisadi asdılığı üçün problem yaradır. Nəticədə isə jurnalistlərin professionallığı isə aşağı düşür. Bəzən beynəlxalq təşkilatlar, ATƏT, Avropa Şurası jurnalistlər üçün müəyyən dəyirmi masalar, təlim kursları keçirirlər. Sağdan-soldan milyonlarla vəsait sərf edirlər. Belə şeylər zərrə qədər də jurnalistlərin professionallığını inkişaf etdirmir. İstər beynəlxalq təşkilatlar, istəsə də bizdə olan müəyyən jurnalist təşkilatların bu istiqamətdə həyata keçirdikləri tədbirlər qalıçka xatirinə olan tədbirlər kimi qalır, onların professionallığa müsbət təsiri olmur.
- "Bakı xəbər" qəzetinin oxucu kütləsi kiimlərdən ibarətdir?
- Bu barədə mənim xüsusi mülahizələrim, öz mövqeyim var. Əlbəttə ki, qəzetlərin oxucu kontingenti nə qədər çox olsa, bu baş redaktor üçün bir prestijdir. Ancaq mən bəzən oxucuların sayı məsələsində incə nüansın nəzərə alınmasının tərəfdarıyam. Həmin incə nüansı unudanlara bir sözüm var. Bu da ondan ibarətdir ki, öz ailəsi, uşağı, məhəlləsinin problemləri ilə maraqlanan, ölkədə ictimai rəyə, proseslərə, özünün fəaliyyəti, mövqeyi ilə heç bir təsir göstərə bilməyən çevrələrdə yüz min oxucuya malik olmaqdansa, ölkədə gedən proseslərə böyük təsir gücü olan çevrələrin içərisində yüz oxucuya malik olmaq daha yaxşıdır. Mənim hədəfim bundan ibarətdir ki, "Bakı xəbər" qəzetinin oxucu kontingentinin sayı az olsa da belə, ancaq ölkədə gedən iqtisadi, siyasi, sosial, psixoloji proseslərə təsir göstərmək gücündə olan çevrələrin içərisində olsun. "Bakı xəbər" qəzetinin oxucularının həm keyfiyyət, həm də sayı bu gün məni qane edir.
- Rəhbərlik etdiyiniz mətbu orqanın qaldırdığı problemlərə reaksiyalar necədir və həmin problemlərin həllnə çalışılırmı?
- Demək olar ki, həm mən özüm, həm də müavinlərim qəzetdə gedən yazılarla bağlı gündəlik zənglər qəbul edirik. Əlbəttə, bəzi hallarda hansısa məqalədəki ümumi konsepsiya ilə bağlı razılaşmayan oxucular da olur Eyni zamanda yazılan yazıların zamanında qələmə alındığı və düzgün təhlillərin aparıldığını qeyd edən oxucular da var. Ancaq hansı mövqedən reaksiya verməklərindən asılı olmayaraq oxucularımızda bir əhval-ruhiyyəni tutmuşam və bundan da çox sevinirəm. Bu da ondan ibarətdir ki, kimin hansı niyyətlə zəng etməsindən asılı olmayaraq qəzetə bir təssübkeşlik hiss edirəm. Hətta hansısa bir yazını tənqid etmək istəyən olanda da, həmin insan dostcasına tənqid etmək üçün telefon açır.
- Adətən sentyabr-oktyabr aylarında mətbuatda bir canlanma yaranır. "Bakı xəbər" qəzeti bu dövr üçün oxucularına hansısa yeniliklər vəd edirmi?
- Xüsusi bir yenilik haqqında düşünmürük. Edə biləcəyimiz yeganə şey ondan ibarətdir ki, qəzetin gündəlik çapında problem yaranmasın. Həmçinin qəzetin səviyyəsində geriləmə müşahidə olunmasın, qəzet öz oxucularını itirməsin. Ancaq xüsusi layihələrin təqdim olunması üzərində işləmirik. 2013-cü il seçki ili olduğu üçün siyasi fəallıq, cəmiyyətin aktivliyi bir qədər yüksək olacaq. Belə şəraitdə bizim qəzet də öz oxucularının yaranmış yeni tələblərinə uyğun olaraq daim özümü yeniləşdirmək üzərində düşünəcək. Ancaq bu yeniləşdirmə cəhdlərinin hansı formada özünü göstərəcəyini bu gün demək çətindir.
- "Bakı xəbər" qəzeti tək-tək qəzetlərdəndir ki, istirahət günü işləyərək həftənin ilk günü öz oxucuları ilə görüşə gəlir. Bu cəmiyyəti informasiyasız qoymamqla bağlıdır, yoxsa hansısa məqamlar var?
- Biz oxucularımız naminə bir növ fədailik edirik. Oxucularımız istirahət etsələr də, biz onları həftənin ilk günü qəzetsiz qoymaq istəmirik. Bu bizim kollektivimizin oxucular üçün fədakar addımıdır. Bunun sırf maddi-informativ tərəfi də var. Həftənin ilk günü Azərbaycanda o qədər də çocsaylı qəzet çap olunmur. Həmin gün çıxan qəzetlərin oxucu kontingenti bir xeyli çoxalır. Bazarda qəzetlər az olduğuna görə həmin gün qəzetin satış vəziyyəti əvvəlki günlərlə müqayisədə xeyli yaxşı olur.
- Aydın Quliyev işə qəbul zamanı jurnalistlərdə əsasən nəyə üstünlük verir?
- Sözün düzü bir neçə il əvvəl hətta təcrübəsiz, ali məktəbi yeni bitirmiş gənclərin işə qəbul olunmasından çəkinmirdim. Ancaq bu gün elə bir vəziyyətdir ki, təcrübəsiz və ali təhsil müəssisəsindən yenicə ayrılmış gənc mütəxəssislərin işə qəbul olunmasına o qədər də meyilli deyiləm. Çünki onları formalaşdırmaq, yetişdirmək çox əziyyətli, çətin bir prosesdir. Ona görə də hazırda çalışıram ki, birinci növbədə müəyyən dərəcədə təcrübəsi olan adamları işə götürüm. Mənim üçün əsas təcrübə və professionallıqdır. Bu iki keyfiyyəti özündə birləşdirən istənilən jurnalist "Bakı xəbər" qəzetində işləyə bilər.
- Maraqlıdır Aydın Quliyev neçə ildir mətbuatdadır?
- Mən mətbuatla peşəkar məşğul olmadığım illərdə də mətbuatda olmuşam. Bu ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərinə təsadüf edir. Həmin vaxt Naxçıvanda "Ağrıdağ" qəzeti çap olunurdu və o qəzetdə yazılarım çıxırdı. Həmçinin 90-cı illərin əvvəllərində "İki sahil", "Yeni Azərbaycan", "525-ci qəzet", "Rezonans" qəzetlərində çoxlu yazılarım çap olunub. Onların hamısı bu gün əlimdədir və çox böyük bir arxivdir Tarix nöqteyi nəzərdən yanaşsaq 2001-ci ildən baş redaktoram. Əvvəlcə "Hürriyət" qəzetində baş redaktor olmuşam. Sonradan isə "Bakı xəbər" qəzetini təsis etdim və baş redaktor oldum. 2001-ci ildə baş redaktor vəzifəsinə təyin olunanda elə bilirdim ki, orada müvəqqəti olacam. Hər gün işə gələndə fikirləşirdim ki, baş redaktor postunda sonuncu günümdür, sabah başqa bir işlə məşğul olmağa başlayacam. Özümü o sahədə qonaq kimi hiss edirdim. Sanki baş redaktor postunda qonaq idim. İllər keçdikcə qonaq statusundan ev sahibinə çevrildik. Deyəsən həmişəlik baş redaktor postunda oturmuşuq. Bu mənim üçün sevimli bir sənətdir.
- Qəzetdə çıxan ilk yazınız yadınızdadırmı?
- Respublika Müharibə Veteranları Cəmiyyətinin "Ülfət" adlı qəzeti çap olunurdu. Bu 1988-90-cı illərə təsadüf edir. İlk yazım orada çap edilib. Yazı sərhəd bölgəsindəki İran azərbaycanlıları ilə bizim azərbaycanlıların münasibətləri ilə bağlı idi. Culfada şəxsən insanların ünsiyyətini görmüşdüm və bununla bağlı yazı yazdım. Həmin yazı bu gün də qalır.
/Olaylar/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре