Elçin Mirzəbəyli: “AXC-Müsavat hakimiyyəti” Azərbaycan xalqına, xalq hərəkatına xəyanət edib

Tarix - istər uzaq olsun, istərsə də yaxın - təkcə səlnaməçilərin keçilən yol kimi yaddaşa köçürmələri üçün gərəkli olan zaman kəsiyi deyil, həm də nəticə cıxarmaq üçün ən önəmli vasitədir.

Bu baxımdan, ötən əsrin 90-cı illərində baş verən hadisələrin, ölkəni xaosa, qarşıdurmaya sürükləyən, parçalanma təhlükəsi qarşısında qoyan təcrübəsiz, bacarıqsız, fitrətdən siyasət və idarəetmə sahəsində istedadı olmayan insanların buraxdığı səhvlərin təhlil olunması həm də ona görə vacibdir ki, oxşar hadisələr bir daha təkrarlanmasın, ölkəmiz, dövlətimiz nəticələrinin aradan qaldırılmasına uzun illər lazım olan təhlükələrlə qarşı-qarşıya qalmasın.

Bunu Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, "AXC-Müsavat hakimiyyəti" adlandırılan əksəriyyəti uğursuz adamlardan təşkil olunmuş hakimiyyət ilk növbədə Azərbaycan xalqına, xalq hərəkatına, həmvətənlərimizin təmiz, saf vətənpərvərlik hisslərinə xəyanət ediblər:

"Azərbaycan Prezidentinin Sumqayıt şəhərinin 70-ci ildönümünə həsr olunmuş tədbirdə yaxın tariximizdə baş verən hadisələri ardıcıllıqla xatırlatması, qənaətimə görə, keçdikləri yolu, buraxdıqları səhvləri, etdikləri xəyanətləri unutdurmağa çalışan radikal müxalifət təmsilçilərinin gerçək simalarının, kimliklərinin bir daha gün işığına çıxarılması ilə yanaşı, həm də uğursuz idarəçiliyin, özbaşınalığın hansı nəticələrə gətirib çıxara biləcəyinin vurğulanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Təcrübəsiz, bacarıqsız, şüarçılıqdan başqa heç bir şey bacarmayan, aşağı intellektli və mədəniyyətli insanların hakimiyyətə sahiblənməsi terror qədər təhlükəlidir. Çünki yaradıcılıq potensialına malik deyil, yalnız dağıtmağı bacarır. Mən həmin dövrün bütün çətinliklərini çiyinlərində daşıyan milyonlarla Azərbaycan vətəndaşından biri kimi məsuliyyətsizliyin, bacarıqsızlığın, cəsarətsizliyin, təcrübəsizliyin hansı nəticələrə gətirib çıxara biləcəyini yaxşı başa düşürəm.

"AXC-Müsavat hakimiyyəti" adlandırılan o zamankı hakimiyyət, mənə görə ilk növbədə Azərbaycan xalqına, xalq hərəkatına, həmvətənlərimizin təmiz, saf vətənpərvərlik hisslərinə xəyanət ediblər. Dəniz dalğalananda ilk növbədə suyun təkindəki tör-töküntünü üzə çıxarır. Təəssüf ki, bu təbiət hadisəsi 1989-1993-cü illərdə özünü ölkəmizin siyasi həyatında büruzə verdi. Tör-töküntülər üzə çıxdılar, Azərbaycan xalqının ölkəmizin ərazi bütövlüyü və istiqlalı uğrunda mübarizəsini, milli hisslərini istismar etdilər. Həmin dövr mənə məşhur rus dramaturqu Leonid Andreyevin "Anatema" əsərini xatırladır. Əsərdə vəkil cildinə girmiş şeytan tərəfindən aldadılaraq "peyğəmbər", "xilaskar" olduğuna inanan, zəif, iradəsiz, səriştəsiz adamların ümumiləşdirilmiş obrazı olan David adlı şəxsin yüzminlərlə insanı necə uçuruma apardığından bəhs edilir. Azərbaycan da həmin dövrdə uçurumun bir addımlığında idi. Əgər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı olmasaydı, bu gün bəlkə də Azərbaycan adlı dövlətin mövcudluğundan söhbət gedə bilməzdi".

E.Mirzəbəyli əlavə edib ki, bəzən öz bəsit məntiqləri ilə həmin dövrdə hakimiyyətdə olmuş şəxslər, o cümlədən Əli Kərimli, İsa Qəmbər, Rəhim Qazıyev və digərləri qısa bir müddətdə ölkəyə rəhbərlik etdiklərini misal gətirərək, törətdikləri əməllərin məsuliyyətindən yayınmağa çalışırlar: "Amma bu adamlar anlamaq istəmirlər ki, əslində 1 il dağıtmaq, parçalamaq üçün olduqca böyük bir zaman kəsiyidir. Qurmağa, yaratmağa illər lazım gəlir. İŞİD bəşəriyyətin nadir mədəniyyət incilərindən olan Palmira abidələrini bir göz qırpımında yerlə bir etdi. Halbuki, bu abidələrin qorunub-saxlanılmasına minillərlə vaxt lazım gəlmişdi.

Təəssüf ki, biz 1993-cü ildən sonra 1 illik hakimiyyətin istər daxili, istər xarici siyasətdə törətdikləri fəsadların aradan qaldırılmasına xeyli müddət sərf etdik. Bu baxımdan, hər zaman olduğu kimi, indi də hesab edirəm ki, 1992-93-cü illərdə baş verənlərə görə məsuliyyət daşıyanlar Azərbaycan xalqından üzr istəməli və siyasi arenanı həmişəlik tərk etməlidirlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.