“Yazılan məlumatların hamısı şər və böhtan xarakterlidir”

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimovanın "Qafqazinfo"ya müsahibəsi

- Azərbaycan və İsveçrə arasındakı siyasi, iqtisadi-ticarət və humanitar əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Qeyd etmək istərdim ki, iki ölkə arasındakı siyasi münasibətlər iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üçün münbit şərait yaratmışdır. Bu gün Azərbaycan və İsveçrə arasında iqtisadi sahədə ciddi işbirliyi mövcuddur və iqtisadi-ticarət əlaqələrimiz yüksək templə inkişaf edir. Azərbaycan-İsveçrə ikitərəfli iqtisadi əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı aydın təsəvvürün yaradılması üçün son bir il müddətində həyata keçirilmiş yüksək səviyyəli səfərlərin və görüşlərin qeyd edilməsi önəmlidir. Bu xüsusda, ilk öncə artıq ənənə halını almış iki ölkə Prezidentlərinin Dünya İqtisadi Forumu çərçivəsində görüşlərinin ölkələrimiz arasındakı münasibətlərdə xüsusi rol oynadığı qeyd olunmalıdır. Məlum olduğu kimi, bu il Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Artıq bu istiqamətdə işlər aparılmaqdadır. Həmçinin qeyd olunmalıdır ki, son 2 il ərzində səfirlik tərəfindən həm Azərbaycana, həm də İsveçrəyə təşkil edilən ixrac missiyaları, habelə tərəfimizdən həyata keçirilən biznes və siyasi forumlar, iqtisadi, siyasi və humanitar sahələrdə həyata keçirilən layihələr ikitərəfli əlaqələrin inkişafına xüsusi impuls və töhfə vermişdir. Parlamentlərarası əlaqələrə də toxunaraq bildirmək istəyirəm ki, iki ölkə arasında mövcud olan parlament əlaqələri tam fərqli müstəviyə qaldırılmışdır və İsveçrə Parlamentində fəaliyyət göstərən azsaylı dostluq qrupundan olan İsveçrə-Azərbaycan Dostluq Qrupunun rəhbəri, habelə Montrö şəhərinin meri nüfuzlu siyasətçi Lorant Verli ilə bir çox layihələr üzərində iş aparılmaqdadır.

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İsveçrənin mövqeyilə bağlı son vəziyyəti necə şərh edərdiniz?

- Bildiyiniz kimi, İsveçrə dünya siyasi arenasında neytrallığına görə seçilən özünəməxsus bir dövlətdir. Həmçinin İsveçrə dövləti dəfələrlə Azərbaycan və Ermənistanın yüksək çinli məmurları arasında danışıqların aparılması üçün məkan təklif etmişdir. Lakin diqqətinizi xüsusi olaraq bir məqama yönəltməyin faydalı və vacib olduğunu düşünürəm. Cari ilin mart ayının 31-də ölkəmizin Ermənistan tərəfindən işğal edilən ərazilərində təşkil edilən qondarma "seçkilər"ə münasibətdə İsveçrə Xarici İşlər Nazirliyi nota ünvanlayaraq həmin "seçkilər"in etibarsız olduğunu qeyd etmiş və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını vurğulamışdır. Beləliklə də, bütün beynəlxalq ictimaiyyət kimi, İsveçrə tərəfi də ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstəyini ifadə etmişdir.

- Hazırda bütün dünya ölkələri COVİD-19 pandemiyası ilə mübarizə aparır və mövcud vəziyyət, əlbəttə dövlətlərarası münasibətlərə, o cümlədən diplomatik nümayəndəliklərin fəaliyyətinə də təsir göstərir. Koronavirus pandemiyası dövründə İsveçrədəki fəaliyyətinizi necə təşkil etmisiniz?

- Doğru qeyd edirsiniz, mövcud qlobal pandemiya vəziyyəti dövlətlərarası münasibətlərə də təsirsiz ötüşmür, xüsusilə də beynəlxalq səfərlərin məhdudlaşdırıldığı, bir sıra tədbirlərin təxirə salındığı qeyd olunmalıdır. Səfirlik olaraq biz bu müddət ərzində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə, eləcə də akkreditə olunduğumuz ölkənin tələblərinə müvafiq olaraq, fasiləsiz fəaliyyətimizi davam etdirmişik. Ölkəmizin siyasi və iqtisadi uğurları, habelə bu pandemiya dövründə Azərbaycanda həyata keçirilən tədbirlər barəsində müxtəlif virtual görüşlər və konfrasnlar, vebinarlar təşkil edilmişdir. Bununla yanaşı, səfirliyimiz gündəlik əsasda İsveçrədə qalan Azərbaycan vətəndaşları ilə sıx əlaqədə olub, onların vətənə qayıtması üçün lazımi dəstəyi göstərib. 

- Məlum olduğu kimi, iki ölkə arasında ikitərəfli səfərlərin gündəliyi kifayət qədər aktiv olub. Bu səfərlərdə rəsmilər arasında hədiyyə mübadiləsi olurdumu, Əgər olurdusa bunun necə tənzimlənməsi barəsində nə deyə bilərsiniz?

- Təbii ki, hədiyyələrin verilməsi normal bir prosesdir və bu proses də protokol qaydalarına və müvafiq təlimatlara əsasən həyata keçirilir. Onu da xüsusilə vurğulamaq lazımdır ki, İsveçrə tərəfinin rəsmiləri dəyəri 50 İsveçrə frankından artıq olan hədiyyələri qəbul etmir və bu barədə gələn nümayəndə heyətlərinə əvvəlcədən məlumat verilir. Diqqətinizə çatdırım ki, məhz sadaladığım səbəblərə görə tərəfimizdən verilən hədiyyələr adətən suvenir xarakterli olur.

Bu məqamda yerli mətbuatda çıxan və təəssüflər olsun ki, İsveçrədəki səfirliyimizdən də yan keçməyən qarayaxma kampaniyasına toxunmaq istərdim. Şəxsimlə bağlı yazılan məlumatların hamısı tamamilə şər və böhtan xarakterlidir. Məyusedici, eyni zamanda gülməli hal odur ki, bu böhtan xarakterli məlumatları yayan şəxslər və müvafiq internet portalları anlamırlar ki, çox qiymətli xalçanın İsveçrə tərəfinə təqdim edilməsi iddiası çox absurddur və görünür ki, bu şəxslər yalan iddialarının nəticəsini də düşünmürlər. Məlumat üçün bildirim ki, dövlətlərarası münasibətlərdə qarşılıqlı təqdim olunan hədiyyələr protokol qaydalarına uyğun müəyyənləşmiş limitlər çərçivəsinə həyata keçirilir. Bu xüsusda qeyd edim ki, işgüzar nüfuzumuzu ləkələyən və yalan məlumatlar yayan bəzi mətbu orqanların və şəxslərin qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilməsi üçün hüquqi addımlar atılacaqdır. Bildirmək istəyirəm ki, bu məsələnin araşdırılması ilə bağlı müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılıb. Hesab edirəm ki, bu kimi təxribat xarakterli yazıları sifariş edənlər Azərbaycan və İsveçrə arasında bir çox sahələrdə yüksələn xətlə gedən inkişafa zərbə vurulması kimi qiymətləndirilməlidir və buna sadəcə xəyanət adı verilməlidir.