Paşinyana son şans: Ya şərtləri qəbul edəcək, ya da bütün ordusunu itirəcək

Azərbaycan işğal olunmuş daha bir neçə əhəmiyyətli ərazisini azad etdikdən sonra erməni tərəfi məğlubiyyətlə üz-üzə olduğunu anlayıb. Yenidən humanitar atəşkəs üçün yalvarmaları bunun növbəti sübutudur.

30 ilə yaxındır ki, müxtəlif yollarla danışıqlar prosesini uzatmağa çalışan və bu yolla vaxt qazanmaq istəyən Ermənistan artıq dalana dirənib. Ermənistan hakimiyyəti artıq anlayır ki, ya Preizdent İlham Əliyevin şərtlərini qəbul etməldir, ya da bütün ordusunu, hərbi texnikasını itirərək acı məğlubiyyətə uğrayacaq.

Moskva danışıqları zamanı qəbul olunmuş humanitar atəşkəs rejimi üçün yenidən Ermənistan rəhbərliyi çağırışlar etməyə başladı. Vacib qeydi edək ki, elə Moskva danışıqlarında ermənilər növbəti məğlubiyyəti almışdılar. Paşinyanın qondarma rejimi danışıqlar prosesinə qoşmaq cəhdi bu danışıqlarla puç olmuşdu. Yerevan danışıqların Azərbaycan və Ermənistan arasında aparılacağına razılaşmışdı.

Lakin Moskva danışıqlarında əldə olunmuş humanitar atəşkəs bir neçə saat belə davam etmədi. Ermənistan Gəncəyə, Mingəçevirə hücum etdi, mülki şəxslər öldürüldü və yaralandı.

Əvəzində isə Azərbaycan Ermənistana döyüş meydanında ciddi zərbələr endirdi, Hadrut qəsəbəsi və Füzuli şəhəri də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad edildi.

İndi isə Ermənistan anlayır ki, humanitar atəşkəsin hər dəfə pozulması yeni kəndlərin və şəhərlərin işğaldan azad edilməsi ilə yanaşı yüzlərlə erməni əsgərinin və hərbi texnikasının məhv edilməsi ilə başa çatır. Bu səbəbdən də erməni tərəfi yenidən ağ bayraq qaldıraraq atəşkəs üçün yalvarmağa başladı.

Bu gün, 18 oktyabr, 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verildi: Azərbaycan tərəfi bir daha humanizm nümayiş etdirərək, erməni işğalçılarına öz çirkin əməllərindən əl çəkmək imkanı verir.

Rəsmi Bakı sonuncu dəfə Yerevana tam hərbi məğlubiyyətə uğramadan Azərbaycan torpaqlarını tamamilə boşaltması üçün bir çağırış edir.

10 oktyabr danışıqlarından sonra baş verənlər, azad olunan ərazilər, düşmənə endirilən zərbələr sübut etdi ki, işğal altındakı bütün ərazilərimiz tam azad olunmayana qədər Azərbaycan dayanmayacaq.

Biz qan tökmək yox, öz torpaqlarımızı istəyirik, bu humanitar məqsədli atəşkəs də Azərbaycan humanizminin növbəti təcəssümüdür.

Gəncədəki və digər şəhər və bölgələrdəki mülki şəxslərin mütəmadi olaraq ermənilər tərəfindən atəşə tutulmasına və barbar hücumlarına məruz qalmasına baxmayaraq, bu bölgələrdəki insanlar sadəcə qorxmadılar, düşmənlə mübarizə əzmləri daha da artdı. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin hər qərarı ilə birlik və həmrəylik nümayiş etdirdi və dövlət başçısının taktikasını dəstəkləyir.

Humanitar atəşkəs belə vətəndaşlarımızın işğalçılarla mübarizə əzmini pozmamaqla yanaşı, vətəndaşlarımıza bir nəfəs almaq və Prezident İlham Əliyevin ətrafında daha möhkəm birləşmək, Ali Baş Komandanın bütün səviyyələrdə apardığı mübarizədə dəstək olmaq imkanı verir. Bu gün cəmiyyətimiz vaxtında Prezident İlham Əliyevin düşmənə qarşı hər cür vasitədən istifadə edəcəyini bilir və vətəndaşlar son qələbəmiz üçün hər şeyin ediləcəyinə əmindir.

"Qarabağ Azərbaycandır!" şüarı bütün dünya azərbaycanlılarını birləşdirib, azərbaycanlılar dövlət başçısının ətrafında bir yumruq şəkilində birləşib. Bu gün hər birimiz bu problemin sürətli və qəti həllinə əminik və dövlətin atdığı bütün addımların bu hədəfə çatmasına yönəldiyini bilirik.

Asif Mehman