Pandemiya daşınmaz əmlak bazarına necə təsir edib?

COVID-19 pandemiyası və bununla əlaqədar tətbiq edilən məhdudiyyətlər əmlak bazarında müəyyən durğunluq yaratmışdır.

Əmlak eksperti Arif Nəzərov Day.Az-a verdiyi açıqlamasında bildirib ki, son vaxtlar vaksinasiya prosesinin sürətlənməsi daşınmaz əmlak bazarının cari ilin payız aylarında daha əlverişli şəraitdə fəaliyyət göstərəcəyinə əsas verir. 

44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması, ölkədə iqtisadi aktivliyin tədricən bərpa olunması, əhalinin məşğulluğunun təmin edilməsi və digər müsbət amillər daşınmaz əmlak bazarının da canlanmasına təkan verəcəkdir.

Belə ki, daşınmaz əmlak bazarında aktivlik ilk növbədə kirayə mənzil bazarında özünü biruzə verəcəkdir. Buna da təsir edən əsas amillər əhalinin məşğulluğunun bərpa olunması və istirahət mövsümünün yaxınlaşmasıdır.

Eyni zamanda, daşınmaz əmlak bazarına təsir edən müsbət amillər tikinti sektorunun canlanmasına da öz müsbət tövhəsini verəcəkdir. Bu baxımdan, xarici və yerli investorların vəsaitlərinin nisbətən az riskli olan daşınmaz əmlak sahəsinə yönəltməsi, ayrı-ayrı kateqoriyalardan olan əhali üçün dövlət tərəfindən mənzil tikintisinin həyata keçirilməsi, əhalinin pul gəlirlərinin artması çoxmənzilli binaların və evlərin inşasında müşahidə olunan durğunluğa tədricən son qoyacaqdır.

Beləliklə, dünyada, eləcə da Azərbaycanda 2021-ci il üçün daşınmaz əmlak bazarını qiymətlərin ciddi artımı ilə müşahidə olunmayan sabitləşmə və canlanma dövrü kimi qiymətləndirmək olar.

Fərid Zöhrabov