Pandemiyanın ilk dövrü ölkəmizin ən sadə tibb ləvazimatlarından necə asılı olduğunu göstərdi

Pandemiyanın ilk dövrü ölkəmizin ən sadə tibb ləvazimatlarından necə asılı olduğunu göstərdi.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirələrdə çıxışı zamanı deyib.

O.Məmmədov qeyd edib ki, idxal olunan ləvazimatlara tətbiq edilən rüsumların yüksək olması xidmətlərin maya dəyərinin artmasına səbəb olur.

"Dərman vasitələrinin, tibbi avadanlıqların və digər preparatların ölkəyə idxalını əvəzləmək, yerli sahibkarlar tərəfindən bu cür məhsulların istehsalının stimullaşdırılması üçün zəruri dəstək tədbirlərinin həyata keçirilməsini zəruri hesab edirik. Bu sahənin elm və maliyyə tutumlu olduğunu nəzərə alaraq mütərəqqi PPP modellərinin tətbiqi, həmçinin güzəşt mexanizmlərinin hazırlanması təklif olunur.

Bəzi hallarda sahibkarlar tərəfindən ölkəyə idxal edilən məhsulların rəsmiləşdirilməsi böyük vaxt itkisinə səbəb olur. Məhsulların müvafiq laboratoriyalarda yoxlanılması müddəti onların korlanmasına, əlavə zaman itkisi və digər məsrəflərin yaranmasına səbəb olur. Bununla bağlı qurumlararası koordinasiyanın optimallaşdırılmasını, özəl laboratoriyaların yaradılmasının stimullaşdırılmasını təklif edirik", - deyə sədr əlavə edib.