Türkiyə səhiyyə naziri Fahrettin Kocanın Azərbaycana işgüzar səfəri başlayıb

Türkiyə səhiyyə naziri Fahrettin Kocanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayıb.

Bu barədə Trend-ə Səhiyyə Naizrliyindən məlumat verilib.

Əvvəlcə Türkiyə nümayəndə heyəti Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə birlikdə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, böyük alim, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı Əziz Əliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzərək, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Qonaqlar, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət ediblər. Abidənin önünə əklil və gül dəstələri qoyulub.

Sonra Fahrettin Koca "Türk şəhidliyi" abidəsinin "Xatirə kitabına" öz ürək sözlərini yazdı.

Türkiyə səhiyyə nazirinin səfəri çərçivəsində "Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi"ndə iştirak, Azərbaycan Səhiyyə Nazirliyində görüş, həmçinin Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinə ziyarət nəzərdə tutulub.