Moldovanın baş naziri qaz tədarükünü müzakirə etmək üçün Azərbaycana gələcək

Moldovanın baş naziri Natalya Qavrilitsa qaz təchizatını müzakirə etmək üçün Azərbaycana səfər edəcək.

Day.Az xəbər verir ki, bu barədə Trend Moldova mətbuatına istinadən məlumat verir.

"Baş nazir bu il oktyabrın 10-12-də Azərbaycanın paytaxtında keçiriləcək ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərçivəsində Bakıya səfər edəcək. Müzakirə olunan məsələlər arasında Azərbaycandan təbii qaz idxalı da var", - deyə Moldova hökumətinin mətbuat xidməti məlumat yayıb.

Moldova baş nazirinin müavini Andrey Spınunun bir qədər əvvəl dediyi kimi, ölkə ildə təxminən 3 milyard kubmetr qaz istehlak edir.

"Biz ildə 1 milyard kubmetrdən 3 milyard kubmetrə qədər qaz alışı üzrə müqavilə imzalamaq istərdik", - o bildirib.

A.Spınunun sözlərinə görə, Moldovanın 35 milyon kubmetr qaz ehtiyatı var və qışda bu həcm maksimum on günə kifayət edəcək.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə başlanılıb. Azərbaycan tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəmərləri vasitəsilə Avropa bazarına çıxarıb. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını şaxələndirib. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə bir milyard kubmetr qaz verir.