Makron erməni terrorçularını Yelisey sarayında qəbul etdi

Mənbə: Trend

Müəllif: Elvin Səxavətoğlu

Prezident Emmanuel Makron Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədrləri Ara Toranyan və Murad Papazyanla görüşüb.

Görüş zamanı qondarma erməni soyqırımı, Laçın yolu ilə bağlı məsələlər və Ermənistanın təhlükəsizliyi ətrafında müzakirələr aparılıb.

Təbii ki, erməni təşkilatlarının rəhbərlərinin prezident səviyyəsində qəbul olunmasını Parisin anti-Azərbaycan siyasətinin bir parçasıdır.

Əslində Toranyan və Papazyan siyasi meydanda erməni diasporunun təmsilçiləri kimi maskalansalar da, onların terrorçuluq fəaliyyəti, qaranlıq siyasi keçmişi bir çoxlarına məlumdur.

Bilməyənlər üçün xatırladaq. Yelisey sarayında qəbul olunan Ara Toranyan və Murad Papazyan əslində kimdir?

Ara Toranyan (Jan-Mark Ara Toranyan) - ASALA terror təşkilatının rəhbəridir. Terrorçu Monte Melkonyan öldürüldükdən sonra təşkilatın lideri Ara Toranyan olub.

O, Türkiyə əleyhinə ciddi fəaliyyəti ilə tanınır.

Xatırladaq ki, Fransada erməni lobbisinin rəhbəri Jan-Mark Ara Toranyan 1980-ci illərdə Orli hava limanında 1983-cü ildə törədilmiş dəhşətli təxribatın arxasında duran ASALA-nın (Ermənistanın Azadlığı Naminə Gizli Erməni Ordusu) sözçüsü idi. Həmin terror aktında ikisi türk, dördü fransız olmaqla səkkiz nəfər ölümüşdü, 55 nəfər isə yaralanmışdı.

Toranyanın Fransanın hazırki hakimiyyəti ilə yaxın əlaqələri var. 2021-ci ilin 25 aprel tarixində Fransa prezidenti qondarma erməni soyqırımı abidəsini ziyarət edərkən Toranyan da onun yanında olub. Jan-Mark Ara Toranyan Avropada Azərbaycan əleyhinə qəbul olunan qətnamələrin əsas təşəbbüskarlarındandır. O, hazırda Fransada erməni lobbisinə də rəhbərlik edir.

Murad Papazyan - Fransada Azərbaycan əleyhinə təşkil olunan kampaniyaların əsas rəhbərlərindəndir. Ötən il iyulun 19-da Fransadakı erməni təşkilatları koordinasiya şurasının (CCAF) həmsədri, "Daşnaksütyun" təşkilatının bürosunun üzvü Murad Papazyanın rəhbərliyi ilə "Daşnaksutyun" partiyasının və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan "Gənc daşnaklar" (FRA Nor-Seround) fraksiyasının üzvləri Parisdəki Azərbaycan səfirliyi qarşısında mitinq keçirmişdi.

Həmçinin Papazyan Azərbaycan diasporunun Ermənistan səfirliyi qarşısında təşkil etdiyi qanuni aksiyanın qarşısını almağa çalışan şəxslərdən biri olub. Papazyan bu məqsədlə Parisin meriyasından başlayaraq bütün aidiyyəti instansiyalara yazılı müraciət etmişdi. Amma onun diasporamızın qanuni aksiyasına mane olmaq cəhdləri alınmayıb və əksinə, aksiya polis və jandarmlar tərəfindən mühafizə olunub.

Papazyan həmçinin baş nazir Nikol Paşinyanın əsas əleyhdarlarındandır. O, 2022-ci ilin avqustunda verdiyi açıqlamada Nikol Paşinyana qarşı sərf fikirlər səsləndirmişdi. Bildirmişdi ki, Paşinyan Ermənistanı avtoritar dövlətə çevirir.

Ötən il İrəvana səfərə gələn Murad Papazyan "arzuolunmaz şəxs" elan olunduğu üçün hava limanından geri qaytarılmışdı.

Göründüyü kimi, Ara Toranyan ASALA, Murad Papazyan isə "Daşnaksutyun" terror təşkilatının siyasi meydandakı əsas fiqurlarıdır.

Makronun isə terrorçuları, siyasi fəaliyyəti anti-Türkiyə və anti-Azərbaycan məqamlarla dolu olan şəxsləri Yelisey sarayında qəbul edir. Rəsmi Paris Azərbaycana qarşı hətta terrorçularla da ittifaq yaratmaqdan belə çəkinmir, onlarla bir masaya əyləşir.

Fransa prezidentinin Murad Papazyanla görüşü Paşinyan hakimiyyəti üçün də açıq mesajdır. Çünki Papazyan Paşinyanın əsas əleyhdarlarından hesab olunur.

Aydın olur ki, Makron Cənubi Qafqaza daxil olmaq üçün anti-Paşinyan ittifaqı ilə də əməkdaşlıq etməyə hazırdır.

Bütün bu faktlar sübut edir ki, rəsmi Paris Cənubi Qafqazda sülhə heç bir töhfə vermək niyyətində deyil. Əksinə yeni münaqişə ocağı yaratmaq, gərginliyi artırmaq üçün terrorçularla ittifaq qurmağa çalışır. Ona görə də Parisin Azərbaycan-Ermənistan sülh prosesində iştirakı, ona hər hansı söz haqqının verilməsi mümkünsüzdür.