AHİK Fransada baș verən tətillərlə bağlı bəyanat yayıb

Azərbaycan Həmkarlar İtifaqları Konfederasiyası (AHİK) Fransada baș verən tətillərlə bağlı bəyanat yayıb.

Qurumdan Trend-ə daxil olan məlumata görə, bəyanatda deyilir:

- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Pan Avropa Regional Şurasının üzvü kimi Fransa Ümuməmək Konfederasiyası (CGT) ilə uzun illərdir dostluq münasibətləri var. Beynəlxalq həmkarlar ittifaqları hərəkatı çərçivəsində daim təşkilatlarımız arasında qarşılıqlı fikir mübadiləsi aparılır və nümayəndə heyətlərinin səfəri təşkil edilir. Son zamanlar Fransada baş verən tətilləri yaxından izləyirik və təəssüf ki, demokratiyanın beşiyi sayılan Fransada tətildə iştirak edən çox sayda işçilərə, həmkarlar ittifaqları üzvlərinə qarşı polislər tərəfindən zor tətbiq edilir. Bu da ilk növbədə fundamental insan haqlarının sərbəst toplaşma və fikir azadlığı hüquqlarının kobud pozulmasıdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq Fransada pensiya yaşının uzadılmasına qarşı çıxan Fransa həmkarlar birlikləri ilə həmrəy olduğumuzu bildiririk. Pensiya sistemindəki islahat işçilərin və onların ailələrinin rifahına birbaşa hücumdur.

Bərabərsizlik və yaşayış böhranının artığı bir dövrdə bu cür islahat qəbuledilməzdir, çünki bu öz növbəsində ölkədə və cəmiyyətdə yeni sosial-iqtisadi problemlərə gətirib çıxara bilər. Biz Fransa hökumətindən tələb edirik ki, insanlara küçələrdə tətbiq edilən zorakılığı dayandırsın və işçilərin hüquqlarını qoruyan həmkarlar ittifaqları təşkilatarı ilə ortaq məxrəcə gəlmək üçün bir masaya əyləşsin.