Azərbaycanlılar üçün təhlükəyə çevrilən İran

Müəllif: Elvin Səxavətoğlu

İran Azərbaycana qarşı düşmənçilik kampaniyasının növbəti mərhələsinə start verib. Azərbaycanlı tələbə Fərid Səfərlinin "casus" ittihamı ilə saxlanılması buna bariz nümunədir.

Fərid Səfərli ətrafında nə baş verir?

O, Almaniyada təhsil alan azərbaycanlı tələbədir. Yena Universitetinin tələbəsi olan 27 yaşlı Fərid Səfərli 2023-cü il, fevralın 20-də sevgilisi ilə görüşmək üçün Tehrana gedib. Martın 5-də isə Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Ailəsi Fəridin axtarışlarına başlasa da, heç bir nəticə əldə edə bilməyib. İranın Azərbaycandakı səfirliyindən onun anası Dilarə Əsgərovaya deyilib ki, aprelin 2-nə qədər oğlunuz barədə məlumat veriləcək. Amma heç bir məlumat verilməyib.

Azərbaycanın Xarici İşlər Nazirliyi də İrana Fərid Səfərli ilə bağlı nota verib.

Ötən gün isə məlum olub ki, itkin düşdüyü ehtimal edilən Fərid İranda "casusluq" ittihamı ilə həbs edilibmiş.

Mollaların dəyişməyən Azərbaycan siyasəti 

İran Azərbaycanla münasibətlər gərginləşdikdən sonra ölkəmizə qarşı müxtəlif əsassız ittihamlar səsləndirməyə, radikal qərarlar qəbul etməyə başlayıb. Tehran gah sərhədlərimizdə təlim keçirir, gah Bakının işğal videosunu yayır, gah səfirliyimizə hücum təşkil edir, gah Qafanda konsulluq açır, gah da Ermənistan sərhədini "qırmızı xətti" adlandırır. Məqsədi isə Azərbaycanı hədəflərindən yayındırmaq və bölgədə təsir gücünü formalaşdırmaqdır.

Həmçinin oxuyun: Çat verən İran rejimi və Arazda boğulan mollalar

Amma hadisələrin gedişi göstərir ki, İranın Azərbaycana qarşı aqressiv addımları rəsmi Bakının siyasətinə təsir etmir. Ona görə də İran hakimiyyəti yeni üsullardan istifadə etməyə başlayıb. 

Görünür, rəsmi Tehran Fərid Səfərlini "casus" ittihamı ilə həbs etməklə Bakıya təzyiq göstərməyə çalışır.

Yaxın tarixə nəzər salsaq görərik ki, bu İranın Azərbaycan vətəndaşlarına qarşı ilk aqessiv davranışı deyil. Rəsmi Tehran 2008-ci ilin oktyabrında azərbaycanlı ​Rəşad Əliyevi də qondarma ittihamlarla həbs etmişdi. 

Göründüyü kimi, İran rejimi illər keçsə də xislətini, siyasi hədəflərini dəyişməyib. İran hakimiyyəti Cənubi azərbaycanlılarla yanaşı, Şimali azərbaycanlılara qarşı da kin və təhlükə püskürür.

Məsələn, İranın Qarabağla bağlı tutduğu mövqe, Ermənistanı hərtərəfli dəstəkləməsi Azərbaycan xalqına və dövlətinə qarşı apardığı tarixi düşmənçilikdən qaynaqlanır.

Rəsmi Tehran Azərbaycanla Ermənistan arasında başlayan sülh prosesinə də qısqanclıqla yanaşır, prosesin qarşısını almaq üçün İrəvanı təxribatlara sövq etməkdən belə çəkinmir.

Həmçinin oxuyun: İran kəşfiyyatı anti-Azərbaycan şəbəkəsini qurmaq üçün bu üsullardan istifadə edir - DETALLAR

Bütün bunlar göstərir ki, İran həm Azərbaycan dövləti, həm də Azərbaycan xalqı üçün təhlükədir.

İrana səfər etmək istəyən həmyerlilərimizin nəzərinə!

Rəsmi Tehranın Azərbaycanla bağlı atdığı təxribatçı addımlar göstərir ki, İran rejimi bütün bunları əvvəlcədən planlaşdırır.

O zaman kim təminat verə bilər ki, İrana ticarətə, həkimə və ya hər hansı bir işi üçün gedən Azərbaycan vətəndaşı "casus" damğası vurularaq həbs edilməyəcək?

Fərid Səfərli və Rəşid Əliyevlə bağlı faktlar İran xüsusi xidmət orqanlarının bu işi "peşəkarlıqla" bacardığını sübut edir.

Həmçinin oxuyun: Tehranın İrəvanı silahlandırmasının pərdəarxası - İran məkrli ssenarisini Bakıya qarşı tətbiq edir

Düzdür, hazırda İranla quru sərhədi bağlıdır. Buna baxmayaraq, Azərbaycan vətəndaşları üçüncü ölkədən istifadə etməklə İrana səfərə gedirlər.

Bununla da öz həyatlarını təhlükəyə atmış olurlar. Çünki İran rejiminin Azərbaycandakı şəbəkəsi ifşa olunduqca, daha aqessivləşir və yalançı ittihamlar səsləndirməkdən, vətəndaşlarımızı şərləməkdən belə çəkinmir.

Bu səbəbdən, Azərbaycan vətəndaşları İrana səfər etməkdən çəkinməlidirlər.

Təbii ki, rəsmi Bakı Azərbaycan vətəndaşlarının İrana səfər etməsinə qadağa qoya bilər. Belə bir praktika dünya təcrübəsində var. Məsələn, ABŞ və Yaponiya öz vətəndaşlarına Şimali Koreyaya səfər etməyi qadağa qoyub. Qadağanı pozanlar sərt şəkildə cəzalandırılır.

Əgər İran rejimi Azərbaycan vətəndaşlarına qarşı aqesiyasını daha da sərtləşdirərsə, rəsmi Bakının da belə qadağa tətbiq etməsi gündəmə gələcək.