Selin bölgələrdə yaratdığı dəhşətli fəsadlar

Dünən İsmayıllıya yağan leysan yağışlar rayonun bir neçə kəndinə ciddi ziyan vurub.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, leysan nəticəsində İsmayıllı rayonunun Gəndov, Namazgah və Lahıc qəsəbəsində şəxsi təsərrüfatlara, yollara, ziyan dəyib, qaz, su və elektrik xətlərində problemlər yaranıb. Gecə saatlarında Lahıca gedən yol bağlanıb.

Sonradan avtomobil yolunda hərəkət bərpa edilib. Ərazidə yolların lil və sel artıqlarından təmizləmə işləri davam etdirilir.  İşıq, qaz və su təsərrüfatları da ziyan görüb.

Ekektrik, rabitə dirəkləri və qaz borularının bərpası istiqamətində işlər aparılır.

Qaxda isə avtomobil selə düşüb, sürücü köməksiz qalıb. Yük avtomobili Əmircan çayını keçərkən qəflətən sel gəlməsi nəticəsində çayda batıb və avtomobilin sürücüsü təhlükəli vəziyyətdə qalıb. Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalmış 37 yaşlı Famil Yahyayevi çaydan çıxararaq xilas ediblər.

Şəkidə isə külək fəsadlar törədib. Şəhərin Sabit Rəhman küçəsində yerləşən binanın dam örtüyü güclü külək nəticəsində qoparaq 5 avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Paşa Əliyev küçəsində iri gövdəli ağac aşaraq sənətkarlıq, ticarət dükanlarının üstünə düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da ticarət obyektlərinin dam örtüyü sıradan çıxıb, telefon-rabitə, elektrik xətləri zədələnib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.