Qazax görüşünün nəticəsi nə olacaq?
Müəllif: Elçin Alıoğlu
Mənbə: Trend
Dünən Qazax rayonunda, Azərbaycanla Ermənistan arasındakı sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və onun erməni həmkarı Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, habelə Ermənistan ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın beşinci görüşü keçirilib.
Rəsmi açıqlamaya görə, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Tərəflər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.
Həmçinin, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.
Bundan başqa, komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılıq əldə olunub.
Son günlərdə Cənubi Qafqazla bağlı yaşanan prosesləri, xüsusilə də ABŞ, Fransa və Avropa İttifaqının Azərbaycan-Ermənistan danışıqları prosesinə təzyiq cəhdləri ilə müdaxilə variantlarının artdığını nəzərə alsaq, Qazax görühü adi müzakirə və ya mərhələ rutinliyi səviyyəsindən çıxır.
Ermənistanın baş naziri Nikol Paşinyanın başlanmış Qərbə meylldi aqressiv ritorikasının iki həftə əvvəl daha da aktivləşməsi, XİN başçısı Ararat Mirzonyanın səfərləri və apardığı danışıqlarının meynstrim yönləri, ən nəhayət Ermənistan parlamentinin spikeri Alen Simonyanın "qarabağlı ermənilərin problemləri məcmusu"ndan qəflətən "Azərbaycanla normal münasibətlər və qonşuluq mühitinin yaradılması"na keçid etməsi təsadüfi olaylar sayıla bilməz.
Fransa prezidenti Emmanuel Makronun, habelə fransalı senatorların, deputatların, siyasətçilərin və hətta bələdiyyə sədrlərinin isterik formada Ermənistanı dəstəkləyərək Azərbaycana qarşı aşkar kampaniyaya çevrilmiş fəaliyyətləri az sonra daha geniş müstəviyə inikas etmişdi. Avropa İttifaqının müxtəlif ölkələrində ermənifil bəyanatlar sıralandı, rəsmi Bakının ünvanına ittihamlar və hətta ultimatumlar səsləndi.
Bəhs etdiyimiz proseslə paralel olaraq okeanın o tayında, ABŞ-da ermənipərəsitlik marafonu Konqresin Nümayəndələr Palatasında, Senatda və Dövlət Departamentində davam edirdi. Marazm o həddə çatmışdı ki, Dövlət Departamentinin katibi Entoni Blinkenin müavini Ceyms O-Brayen aşkar şəkildə Azərbaycanın qarşısına şərtlər qoydu, tələblər səsləndirdi və Ermənistana dəstəyi total absolyut səviyyəsinə yüksəltdi.
İlk baxışdan maraqlı geosiyasi konfiqurasiya yaranmışdı: Fransa, ABŞ və Avropa İttifaqı bölgədə nizamlanma prosesində vasitəçilik etmək niyyətində olduqlarını bəyanr edir, Azərbaycanla Ermənistan arasında danışıqların Vaşinqton və Brüssel treklərinin Moskva istiqamətindən daha effektiv olduğunu bəyan edirdilər.
Vaşinqtn isə ümumiyyətlə, bu missiya vasitəsilə Rusiyanı danışıqlar prosesi ilə bahəm, ümumiyyətlə, Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyirlər.
Brüsseldən və Parisdən fərqli olaraq, amerikalılar müxtəlif variantlar təklif edir, hətta rusiyalı sülhməramlıların Azərbaycan ərazisində qalmamasını istəyirdilər.
Amma Azərbaycan ona qarşı oynanılan oyunları pozdu. Daha doğrusu, pozmaq məcburiyyətində qaldı.
Vaşinqton və Brüssel formatlarındakı danışıqlarda dinamikanın azalması, fəallığın aşağı düşməsi, üstəlik ABŞ və Avropa İttifaqı diplomatlarının ermənipərəst bəyanatlarla çıxış etmələri, Fransanın da prosesə qatılmaq üçün kobud cəhdlər etməsi Bakının əvvəlcə Brüsseldə, sonra isə Vaşinqtonda keçirilməsi nəzərdə tutulan müzakirələrdən imtinasına səbəb oldu.
Rəsmi Bakı problemin nizamlanması üçün birtərəfli addımlar ataraq Ermənistanla birbaşa danışıqlar variantına üstünlük verdiyini açıqladı.
Bu isə ABŞ, Fransa və Avropa İttifaqının uzunmüddətli fəaliyyət strategiyasına uyğun deyildi.
Laçında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasından tutmuş, sentyabrın 19-da Azərbaycan ordusunun keçirdiyi lokal antiterror tədbirlərinin başa çatdığı gündən sonrakı dövrədək kollektiv Qərbin Bakıya təzyiq cəhdləri bir gün də olsun, səngimədi.
Tam əksinə, belə təəssürat yaranır ki, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi və ərazisində erməni separatizminə son qoyması sanki Qərbi qəzəbləndirib.
Səbəb ABŞ-ın Azərbaycana qərəzli münasibətində deyil. Hazırda ABŞ və Çin arasında qlobal miqyasda geosiyasi qarşıdurma yaşanır ki, bu toqquşmada Almaniya, Fransa, Rusiya və Hindistan aktiv şəikldə iştirak edirlər. Böyük dövlətlərdən hər biri müəyyən məkanda təsir zonasını müəyyənləşdirməyə, rəqiblərini həmin zonadan sıxışdırıb çıxarmağa və ya ümumiyyətlə, zonaya buraxmamağa çalışır.
Birləşmiş Ştatlar, Fransa və ya Avropa İttifaqı erməni sevdalısı deyillər. Daha konkret olsaq, Ermənistan və ermənilər onlara ekzistensial baxımdan əsla önəmli də sayılmaz. Qərb ölkələrindəki erməni lobbisi "qüdrətli, hadisələrə və qərarların qəbuluna təsir gücünə malik" olması barədə istədiyi qədər rəvayətlər danışa bilər. Reallıq budur ki, ermənilər, Ermənistan və erməni lobbisi Qərbə maraqlarının təminatı səviyyəsində vasitə, alət kimi gərəkdir.
Bir quldarı onun köləsinin maraqları nə qədər önəmlidirsə, Qərb üçün də ermənilərin mənafeləri və arzuları bir o qədər əhəmiyyət kəsb edir. Yəni tamamilə əhəmiyyətsizdir.
Digər reallıqsa budur ki, Ermənistan dövlət olaraq Qərbdə sayğı hissi yaratmır və İrəvanı ciddi tərəfdaş saymırlar. Tam əksinə, Azərbaycana münasibətdə situasiya fərqlidir.
Qərb artıq anlayır ki, Azərbaycana hər hansı formada təzyiq göstərmək, xarici siyasətində və geosiyasi strategiyasında məcburi dəyişikliklərə nail olmaq mümkün deyil.
Bu da var ki, ABŞ, Frans və Avropa İttifaqı sülh sazişi ilə bağlı danışıqlar prosesində Bakının nəzərində obyektiv, qərəzsiz vasitəçi statusunu itiriblər.
ABŞ-ın dövlət katibi Entoni Blinkenin Bakıya gəngi, ölkəmizin şərtləri ilə razılaşaraq "iki addım geri" taktikasına əl atması Vaşinqtonun müəyyən mənada, prosesdəki səhvlərini etiarf etməsidir.
Dövlət Departamenti mənsublarının, konqresmenlərin və senatorların aşkar ermənipərəst bəyanatlarının, Azərbaycanla ultimativ tonda danışmaq niyyətlərinin yaratdığı fəsadları aradan qaldırmağa çalışan Birləşmiş Ştatlar indi danışıqlar prosesini reanimasiya etməyə çalışırlar.
Qazax görüşü də Vaşinqtonun bəhs etdiyimiz istiqamətdə İrəvana təzyiqinin ilkin nəticəsi sayıla bilər. Çünki ABŞ-ın mövqeyini və son günlərdəki davranışını nəzərə alsaq, Azərbaycan-Ermənistan danışıqlarının növbəti mərhələsinin Moskvada keçirilməsi mümkün deyil: İrəvan bunu istəsə belə, Vaşinqtonun ağır pressinqindən qurtulmayan ermənilərin seçimi qalmayıb.
Bakıya təzyiqlər cəhdlərinə əl atmaqla Vaşinqton bölgənin real və faktiki lideri olan Azərbaycana əsl geosiyasi nəhəngin kim olduğunu xatırlatmaq istəmişdi. Məhz bu səbəbdən Vaşinqton açıq-aşkar ermənipərəst bəyanatlar verir, Azərbaycanla sərt ritorikada danışırdı.
Bundan başqa, Bakı ilə təmaslarda sərt mövqeni seçməklə ABŞ eyni zamanda Ankaraya messiclər yollayaraq Türkiyənin ciddi geosiyasi maraqlarının olduğu Cənubi Qafqazda situasiyaya və qüvvələr balansına real təsir imkanlarına malik olduğunu göstərmək istəyirdi.
Bu cəhdlər də alınmayanda Vaşinqton taktikanı dəyişdi və Ermənistanı ətalətin müşahidə olunduğu danışıqlar prosesində aktiv davranmağa vadar etdi.
Birləşmiş Ştatlar təzyiqlərin nəticəsiz qalaraq Rusiya ilə İranın bölgədə daha da aktivləşməsinə və mövqelərini möhkəmləndirməsinə rəvac vermiş əvvəlki səhvlərinin fəsadlarını unutmadığından bu dəfə yanlış davranışının sonuclarını daha tez aradan qaldırmağa çalışır.
Məhz bu səbəbdən Qazaxdakı görüş sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə dörüş nöqtəsi olmasa da, Azərbaycanın diplomatiya strategiyasında Bakının daha bir taktiki uğurudur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре