Qazaxın 4 kəndinin güc tətbiq edilmədən geri alınması Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsidir

Azərbaycanın Qazax rayonunun Ermənistanın işğalı altında olan 4 kəndinin güc tətbiq edilmədən, hərbi qarşıdurmaya yol verilmədən geri alınması Ali Baş Komandan, Prezident İlham Əliyevin, siyasi fəaliyyəti boyu, o cümlədən 44 günlük müharibə dövründə və daha sonra ölkəmizin milli maraqları ilə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqeyinin nəticəsidir.

Day.Az xəbər verir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı hələ 2019-cu ilin fevralında ölkə telekanallarından birinə müsahibəsində sanki bu günləri ifadə edərək bildimişdi ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət yürütmür, sadəcə öz milli maraqlarını qoruyur və mümkün riskləri azaldır.

"Ötən zaman kəsiyi Azərbaycan Prezidentinin iqtibas gətirdiyim sözlərində yer alan fikir yükünün milli maraqlarımızın qorunması istiqamətində həyata keçirilən siyasətin - miqyasına görə nəhəng və çətin bir prosesin mahiyyətini olduqca sadə bir dillə ifadə edildiyini bir daha təsdiqləyir.

Əgər delimitasiya prosesindən, Azərbaycana məxsus kəndlərin geriyə qaytarılmasından öncə Cənubi Qafqazda və region ətrafında cərəyan edən proseslərin alt qatında yer alan, qlobal geosiyasi qarşıdurma elementlərindən qaynaqlanan siyasi və diplomatik ziddiyyətləri, bölgədə süni gərginliyin yaradılması cəhdlərinin arxasında dayanan maraqların dövlətlərarası və beynəlxalq münasibətlər sisteminin yazılmış və yazılmamamış bütün qaydalarına meydan oxuyan davranışlarını da nəzərə alsaq, 4 kəndin bir güllə belə atılmadan geri qaytarılmasının siyasi-diplomatik uğur baxımından heç də 44 günlük müharibə və lokal antiterror tədbirləri sayəsində əldə olunan nəticədən az əhəmiyyət kəsb etmədiyini müəyyənləşdirə bilərik. Şübhəsiz ki, delimitasiya prosesi nəticəsində əldə olunan nəticə Vətənimizin bütövlüyü uğrunda hələ 2020-ci il sentyabrın 27-dən başlayan müqəddəs yolun davamıdır", - o deyib.

E. Mirzəbəyli bildirib ki, son 4 il ərzində torpaqlarımızın işğaldan azad olunması, suverenliyimizin bərpası, sərhədlərimizin toxunulmazlığının və təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərin, çəkilən zəhmətin, həyata keçirilən siyasətin miqyası oz qədər böyükdür ki, bəzən nəyin necə baş verdiyini anlamaq belə kifayət qədər vaxt aparır.

"Ola bilsin ki, əldə olunan hər bir uğurlu nəticədən sonra, uğura, qələbəyə sevinmək əvəzinə ritorik suallarını sıraya düzən bəziləri, prosesləri öz "arşınları" ilə dəyərləndirdikləri üçün nəinki bir, yaxud bir neçə il sonranı, hətta bir neçə saat irəlini belə görməyi bacarmırlar. Bəlkə də 10-15 il sonra hazırda baş verənlərin mahiyyətini azacıq da dərk etmək iqtidarında olsunlar, amma əminəm ki, həmin dövrdə Azərbaycan onların anlaya, təsəvvür edə biləcəkləri uğur sərhədlərindən on illərlə irəlidə olacaq.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildiyi və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyinin əbədiliyi, dönməzliyi naminə başladılan yolu davam etdirdiyi ilk gündən torpaqlarımızın bir qarışının belə güzəştə gedilməyəcəyini bəyan etmişdi və ötən zaman kəsiyində şahidlik etdiyimiz milli qürur tariximizin hər günü dövlətimizin başçısının andına sədaqət nümunəsi hesab oluna bilər", - deyə siyasi şərhçi qeyd edib.