Türkiyə XİN Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Day.Az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında qeyd edilib.

"Əziz Azərbaycan, Müstəqillik Gününüz mübarək! Xoşbəxtliyi xoşbəxtliyimiz, kədəri kədərimiz olan azərbaycanlı qardaşlarımızın qürurunu və coşğusunu ürəkdən bölüşürük", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda 28 May - Müstəqillik Günü qeyd edilir.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.