Holcim tərəfindən təşkil olunan «Usta Mənəm!» müsabiqəsinin Qrand Finalı baş tutdu

Holcim şirkəti tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdindəki Peşə Təhsil Mərkəzinin dəstəyi ilə təşkil olunan "Usta Mənəm!" müsabiqəsinin Qrand Finalı Bakıda, ölkəmizin ən böyük beynəlxalq tədbirlərinə ev sahibliyi edən Bakı Ekspo Mərkəzində uğurla baş tutdu.

Finalda 28 peşəkar usta öz bacarıqlarını nümayiş etdirərək əsas mükafat - Changan Hunter 4X4 PickUp avtomobili uğrunda mübarizə apardı. Qalib Bakı şəhərindən Sahib Nuriyev oldu. İkinci və üçüncü yerləri isə Etibar Qaradayev və Nemət Hüseyn tutaraq qiymətli hədiyyələr qazandılar. Digər final iştirakçılarına isə xatirə hədiyyələri təqdim edildi.

Müsabiqə haqqında

Müsabiqə 7 ay davam etdi və ölkənin bütün bölgələrini əhatə etdi. İştirak üçün 1000-dən çox usta qeydiyyatdan keçdi, onlardan 320 nəfəri seçim turlarına vəsiqə qazandı, 28 nəfər isə final mərhələsinə yüksəldi. Təşkilatçılar ölkə üzrə seçim mərhələləri keçirərək istedadlı iştirakçılarla tanış oldular və onların peşəkarlığını qiymətləndirdilər.

Finalda iştirakçılar kərpic divarların tikintisi üzrə tapşırıqları yerinə yetirərək öz peşəkar bacarıqlarını nümayiş etdirdilər. İşlər sürət, peşəkarlıq, dəqiqlik və detallara diqqət kimi meyarlar əsasında qiymətləndirildi.

"Usta Mənəm!" müsabiqəsi tikinti sahəsində istedadlı mütəxəssislərin üzə çıxarılması və peşəkar bacarıqların inkişafı üçün mühüm platformaya çevrildi.