Azərbaycan Çin tərəfindən təklif olunan “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazırdır - Birgə Bəyanat

Azərbaycan "Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu"na qoşulmağa hazırdır.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə aprelin 23-də Pekində imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"da deyilir. Birgə Bəyanatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin imzalayıblar.
"Azərbaycan Çin tərəfindən təklif olunan Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir və BMT-nin 2030-cu ilədək olan Dayanıqlı İnkişaf üzrə Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün səyləri birləşdirmək məqsədilə "Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu"na qoşulmağa hazır olduğunu bildirir. Azərbaycan Çin tərəfi ilə qlobal təhlükəsizlik üzrə əlaqələr və qarşılıqlı fəaliyyət qurmağa, sülh və təhlükəsizlik üzrə birgə səylər göstərməyə hazırdır. Azərbaycan tərəfi Çinin BMT-də irəli sürdüyü "Sivilizasiyalararası Beynəlxalq Dialoq Günü"nün elan edilməsinə dair qətnaməni yüksək qiymətləndirir və sivilizasiyaların müxtəlifliyinə hörməti birgə müdafiə etməyə, humanitar mübadilə və əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazırdır. Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi "Bakı Prosesi" adlı təşəbbüsə uyğun olaraq Azərbaycanın səylərini və bu təşəbbüs çərçivəsində çağırılan qlobal forumları dəstəkləyir", - deyə Birgə Bəyanatda deyilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре