Tədbirin əsas mövzusu ağıllı şəhərlərdə kibermüharibə simulyasiyasıdır - Tural Məmmədov

Bu tədbir artıq ikinci dəfədir, ölkəmizdə keçirilir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq kritik infrastrukturlarda informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. Bu addımlarla yanaşı, belə tədbirlərin təşkili də başlıca prioritetlərdəndir.
Day.Az Trend-a istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş İdarə rəisinin müavini Tural Məmmədov Bakı Konqres Mərkəzində "CIDC 2025 - Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Xidmət rəsmisi bildirib ki, ölkə başçısı İlham Əliyev bu sahədə - yəni kritik infrastrukturların qorunması və onların informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq qanunvericilikdə də bir sıra dəyişikliklər və yeni aktlar qəbul olunub:
"Bu da bizə imkan verir ki, həm ümumi kritik infrastruktur obyektlərində, həm də "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları çərçivəsində informasiya təhlükəsizliyini daha da gücləndirək".
T.Məmmədov vurğulayıb ki, tədbirin əsas mövzusu da məhz ağıllı şəhərlərdə kibermüharibə simulyasiyasıdır:
"Arxada gördüyünüz səhnədə artıq 25 komanda seçilib və onlar final mərhələsində yarışacaqlar.
Tədbir 4 hissədən ibarətdir. Birinci hissə təlimlərdir. Burada 360-dan çox mütəxəssis xüsusi istiqamətlənmiş kibertəhlükəsizlik təlimləri keçəcək. Bu təlimlər çox spesifik sahələri əhatə edir və digər adi kurs və təlimlərdə keçirilmir.
İkinci hissə sərgidir - informasiya təhlükəsizliyi sərgisi. Burada kibertəhlükəsizlik sahəsində yeni texnologiyalar, innovativ həllər nümayiş etdirilir.
Üçüncü hissə konfransdır. Konfransda ağıllı şəhərlər və kritik infrastrukturlar üzrə maraqlı mövzular müzakirə olunacaq. 10 təqdimat və 5 panel müzakirəsi nəzərdə tutulub.
Dördüncü hissə isə kibermüharibə yarışıdır. Bu il mövzu "Ağıllı şəhərlərdə kibermüharibə simulyasiyası"dır. Bu təsadüfi seçilməyib - Prezident İlham Əliyevin kritik infrastrukturların təhlükəsizliyi ilə bağlı verdiyi tapşırıqlardan və imzalanmış normativ hüquqi aktlardan irəli gəlir. Dövlət orqanlarının və qurumlarının informasiya təhlükəsizliyi üzrə fəaliyyətləri bu istiqamətdə birgə koordinasiya olunur".
O qeyd edib ki, bu kibermüharibə simulyasiyasının əsas məqsədi maarifləndirmə və təcrübə mübadiləsidir. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyası çərçivəsində istifadə olunan texnologiyaların və onlara qarşı təhdidlərin simulyasiyası həyata keçirilir.
"Simulyasiyada 20 yerli və 5 xarici komanda iştirak edir. Onlar Bakı şəhərinin simulyasiya olunmuş modelində kibertəhlükələrə qarşı mübarizə aparacaq, hücumları təhlil edib aradan qaldırmaq üçün biliklərini göstərəcəklər. Simulyasiya çox maraqlı mövzuları əhatə edir və növbəti hissələrdə bu barədə daha ətraflı məlumat veriləcək".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре