Hesablama Palatası qanunvericilikdə dövlət büdcəsinin icrası ilə bağlı dəyişikliklərin zəruri olduğunu bildirib

Aparılan təhlillər 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan sənədlərdə izah və məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən addımların atıldığını göstərib.

Day.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.

Qurum qeyd edib ki, fiskal qanunvericilikdə dəyişikliklərin edilməsi zəruridir. "Büdcə sistemi haqqında" Qanunun 20-ci maddəsinə uyğun olaraq dövlət büdcəsinin icrası ilə bağlı aylıq, rüblük və illik hesabatlar təqdim edilsə də, Hesablama Palatası hesabatlılıq və məlumatlandırma sistemində təkmilləşdirmələrə ehtiyac olduğunu vurğulayıb.

Rəyə əsasən, əvvəlki illərdə olduğu kimi, PHŞ-lərə dövlət sifarişi üzrə ayrılmış vəsaitlər illik hesabata ayrıca əlavə şəklində təqdim edilib, Ehtiyat Fondu üzrə istifadə olunan vəsaitlər isə fərqləndirilərək göstərilib. Bununla yanaşı, 2025-ci ildə dövlət proqramları üzrə görülmüş işlər və Strategiyanın icrasına dair məlumatlar da hesabatda əks olunub.

Eyni zamanda Palata əvvəlki illərlə müqayisədə bəzi məlumatların təqdimatında boşluqların olduğunu qeyd edib. Belə ki, Hesablama Palatasının tövsiyələrinin icrası barədə ayrıca bölmə, məqsədli tədbirlər üzrə məlumatlar və funksional sahələr üzrə ayrıntılı xərclər hesabatda tam əks olunmayıb.

Rəydə vurğulanıb ki, dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq və hesabatlılığın artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən büdcə icrası ilə bağlı hesabatlılıq qaydalarına əlavə və dəyişikliklərin edilməsi zəruridir.