Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb
Böyük Britaniyanın silahlı qüvvələri səhər saatlarında La-Manş boğazında Rusiyanın "kölgə donanmasına" aid olduğu bildirilən neft tankerini saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Kir Starmer məlumat verib.
Müdafiə Nazirliyinin açıqlamasına görə, 6 saat davam edən əməliyyatda Kral Dəniz Piyadalarının xüsusi əməliyyat qrupları, Milli Cinayət Agentliyinin xüsusi hazırlıqlı əməkdaşları və Kral Hərbi Hava Qüvvələri (RAF) iştirak edib.
"Smyrtos" adlı tankerə çıxış əldə olunub və gəmi araşdırmalar davam etdiyi müddətdə İngiltərənin cənub sahilləri yaxınlığında nəzarət altında saxlanılacaq.
Baş nazir Kir Starmer əməliyyatı Rusiyaya qarşı növbəti ciddi zərbə kimi qiymətləndirib.
Xatırladaq ki, Kir Starmer mart ayında Böyük Britaniya silahlı qüvvələrinin ölkə sularından keçən sanksiyaya məruz qalmış gəmilərə çıxış əldə etmək səlahiyyətinə malik olduğunu açıqlamışdı. Müdafiə Nazirliyi indiyədək Böyük Britaniyanın Rusiyanın "kölgə donanması" ilə əlaqəli 500-dən çox gəmiyə sanksiya tətbiq etdiyini bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре