Maşına bu tip işıq quraşdıranlar

Avtomobillərə qanunsuz olaraq əlavə işıq qurğularının quraşdırılması "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hesab olunur.

Qanunun 1 saylı Əlavəsinin III hissəsinə əsasən, nəqliyyat vasitələrinin xarici işıq cihazlarının tipi, rəngi, miqdarı və iş rejimi mütləq şəkildə istehsalçı zavodun müəyyən etdiyi konstruksiyaya uyğun olmalıdır. Avtomobilin zavod konstruksiyasında nəzərdə tutulmayan əlavə LED, ksenon, projektor və ya qeyri-standart sayrışan işıqların quraşdırılması yol hərəkəti təhlükəsizliyini təhdid etdiyi üçün qəti qadağandır.

Bu növ qayda pozuntularına görə sürücülər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi (normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi) ilə məsuliyyət daşıyırlar.

Qeyd olunan maddənin tələbini pozan şəxslər üçün 150 manat məbləğində inzibati cərimə nəzərdə tutulmuşdur. Əgər quraşdırılmış qanunsuz əlavə işıq qurğularını yol polisinin saxladığı yerdə dərhal söküb kənarlaşdırmaq mümkün olmazsa, avtomobil nasazlıq aradan qaldırılana qədər müvəqqəti olaraq cərimə meydançasına (duracağa) aparılır.

Nəsimi Ələsgərli