Onlar pul üçün, biz komanda ruhu ilə oynayırdıq

Honkonqda keçirilən şahmat üzrə partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsindəki oyunlarda Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu, dünya reytinqinin lideri Maqnus Karlsen üzərində böyük qələbə qazanıb.

Yekunda Azərbaycanın "Odlar Yurdu" komandası Maqnus Karlsenin çıxış etdiyi turnirin əsas favoritlərindən biri olan "WR Chess" üzərində 3,5:2,5 hesablı qələbə qazanıb.

Day.Az xəbər verir ki, Trend dünya reytinqinin lideri Maqnus Karlseni məğlub edən Azərbaycanlı şahmatçı Aydın Süleymanlını, "Odlar Yurdu" komandasını vətənə dönərkən hava limanında qarşılayıb və qələbə barədə təssüratlarını öyrənib.

Həmin an bildim ki, qalib gələcəm

Maqnus Karlsen kimi dünya şahmatının ən böyük adlarından birini məğlub edən Aydın Süleymanlı bildirib ki, Maqnus Karlson ən yaxşı şahmatçılardan sayılır və belə vacib bir matçda ona qalib gəlmək yaxşı nəticədir:

"Bu, komanda yarışı idi və bizim oyunumuz davam edən zamanı hesab 2.5 - 2.5 idi. Həmin an bilirdim ki, qalib gəlsəm bu çox böyük, unudulmaz an ola bilər. Çünki komanda artıq mənim sayəmdə qazanmış olacaqdı. Ona görə motivasiyalı oldum. Nəticədə "WR Chess" komandasına 3.5 - 2.5 hesabı ilə qalib gəldik".

Oyundan əvvəl Karlsenə qarşı xüsusi hazırlıq aparmışdınızmı və onun hansı zəif və ya həssas tərəflərindən yararlanmağa çalışırdınızmı sualına isə şahmatçı "yox" cavabı verib. Onun sözlərinə görə, Karlsenin zəif tərəfi yoxdur.

Riskə gedib vəziyyəti qarışdırmaq istəyirdi, alınmadı

"Sona yaxın qələbəni hiss etsəm də, oyunun ortasında artıq vəziyyətimin yaxşı olduğunu bilirdim. Hiss etdim ki, Karlsen düzgün olmayan gedişlər etdi. Böyük ehtimal ki, riskə gedib vəziyyəti qarışdırmaq istəyirdi. Bu halda onun qələbə şansı arta bilərdi. Amma alınmadı. Bu, komanda yarışıdır. Oynayıb-oynamamağı seçə bilərsən. O əgər ciddiyə almasa, oyuna çıxmazdı", - Aydın Süleymanlı bildirib.

Gənc şahmatçı qeyd edib ki, bu qələbəni karyerasının ən böyük uğuru yox, unudulmaz uğuru adlandırmaq olar. O, son illər dünya şahmatında gənc qrossmeysterlərin liderlərə qarşı daha cəsarətli çıxış etməsinin səbəbini onlayn şahmat oyunları ilə əlaqələndirib:

"Əvvəlllər gənclər güclü şahmatçılarla çox qarşılaşmırdı. Qarşılaşanda da praktika az olduğu üçün həyəcanlanırdı. İndi isə onlayn şahmatda istədiyin vaxt güclü şahmatçı ilə oynaya bilərsən. Bu, artıq adi hala çevrilib. Belə olanda təcrübə və daha yaxşı nəticə əldə etmək olur".

Onlar pul üçün, biz komanda ruhu ilə oynayırdıq

Aydın Süleymanlının fikrincə, "WR Chess" kimi Karlsen, Karuana, Uesli So və Maksim Vaşye-Laqravın yer aldığı ulduzlarla zəngin komandaya qarşı qələbənin sirri komanda ruhundadır:

"Bizim rəqiblərimiz dünyanın ən güclü şahmatçıları idi. Amma onları bir araya toplayan yeganə səbəb pul idi. Biz isə komanda olaraq bir-briimizlə yaxınıq, dostuq və komanda ruhu yüksəkdir. Bunun hesabına qalib gəldiyimizi düşünürəm".

Aydın Süleymanlı qələbədən sonra dünya şahmat ictimaiyyətindən, həmkarlarınızdan və azarkeşlərdən həədindən artıq yaxşı reaksiyalar aldıqlarını vurğulayıb. O qeyd edib ki, bu qədər müsbət reaksiya olacağını gözləmiyib:

 

"Bu qədər paylaşılacağını düşünmürdüm. Bu xəbəri, uğuru hamı paylaşdı. Bu mənim üçün çox sevindirici haldır. Bütün şahmatsevərlərə, məni dəstəkləyənlərə təşəkkürümü bildirirəm".

Azərbaycan şahmat məktəbinin yeni nəslini təmsil edən şahmatçı kimi Aydın Süleymanlı qeyd edib ki, bu qələbə ölkə gənclərinə və gələcək şahmatçılara yaxşı oyun göstərməklə, özünə güvənməklə dünyanın ən yaxşı şahmatçısına belə qalib gəlməyin imkansız olmadığı mesajını verir.

Komandanın kapitanı, məşhur şahmatçı Rauf Məmmədov da qələbə ilə bağlı təərrüratlarını bölüşüb.

Kapitan Aydın Süleymanlının Maqnus Karlsen üzərində qələbəsini Azərbaycan şahmatı üçün "fantastik" kimi qiymətləndirib:

Qələbəni təmin edən ən əsas amilin dostluq və komanda ruhu idi

"Karlsenin komandası dünyanın bir nömrəli komandasıdır. Bilirsiniz ki, Karlsen 15 ildən çoxdur dünyanın bir nömrəli şahmatçısıdır. Bu qalibiyyət bizim üçün olduqca əhəmiyyətlidir. Bu matçda özüm çıxış etmədim ki, uşaqlar dünya elitası ilə oynasınlar. Bu, uşaqlar üçün motivasiya oldu və inanılmaz nəticə qazandıq".

Rauf Məmmədov da qələbəni təmin edən ən əsas amilin dostluq və komanda ruhu olduğunu qeyd edib:

"Son zamanlar Aydının özünə inamı olduqca artır. Bu idmanda da, şahmatda da böyük rol oynayır. Bu qələbənin onun gələcək karyerası üçün inamı artıracağını düşünürəm. Belə elit bir şahmatçı üzərində qələbə onun karyerasında müsbət mənada ciddi rol oynamalıdır. Onun qarşsıındakı yeni hədəf şahmat olimpiadasıdır. Bu il Özbəkistanda, Səmərqənddə keçiriləkcək şahmat olimpiadası".

Rauf Məmmədovun sözlərinə görə, ölkədə dünya səviyyəli yeni şahmatçıların yetişməsi üçün maaliyyə məsələləri həll olunmalıdır:

"Özbəkistan, Hindistan şahmatçıları son zamanlar Qazaxstanda da yeni nəsil diqqət çəkir. Mən düşünürəm ki, Azərbaycan şahmatı əvvəlki vəziyyətinə qayıtmalıdır. İnanıram ki, şahmatımız bu qələbədən sonra daha inamlı olacaq və dediyim kimi, qarşımızda əsasə hədəf olimpiadadır".

Komanda üzvü, gənc şahmatçı Vüqar Manafov da qeyd edib ki, "WR Chess" komandasına qarşı oynamaq böyük bir təcrübədir. Onun sözlərinə görə, rəqib komandada ilk iyirmilikdə qərarlaşan Karlsen, Karuana, Uesli So kimi dünya şöhrətli oyunçular var:

"Bu komandaya qarşı oynamaq çox çətin idi. Bizsə nəinki oynadıq, hətta qələbə də qazandıq və bununla fəxr edirik. Biz hər oyundan əvvəl toplantı edib, komanda olaraq bir-birimizə ürək-dirək verirdik. Hesab edirdik ki, hamını udmaq mümkündür. Sadəcə özümüzə inandıq və belə bir qələbəyə imza atdıq. İlk öncə komanda ruhunu daim qoruyub, üzərimizdə ciddi, intensiv işləməliyik".

Vüqar Manafov balaca şahmatçılar üçün tövsiyyələrini də bölüşüb:

"Mən beş yaşımdan şahmatla məşğulam. Şahmatla maraqlanan, şahmata başlayan uşaqlara demək istərdim ki, heç nədən çəkinməyin, özünüzə güvənin, sadəcə oynayın və şahmatdan həzz alın", - deyə o qeyd edib.