Azərbaycan nefti bahalaşıb
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,23 ABŞ dolları və ya 1,3 faiz artaraq bir barel üçün 95,16 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunur ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,37 ABŞ dolları və ya 1,5 faiz artaraq 92,32 ABŞ dolları təşkil edib.
"Urals" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,2 ABŞ dolları və ya 3,6 faiz artaraq bir barel üçün 63,53 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 2,73 ABŞ dolları və ya 3,1 faiz artaraq bir barel üçün 91,92 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in son məlumatına görə, çərşənbə axşamı neftin qiyməti ardıcıl üç sessiya davam edən artımdan sonra bir barel üçün 82 ABŞ dollarından yuxarı səviyyədə qalıb.
Buna ABŞ və İran arasında müharibəyə son qoymalı və Hörmüz boğazının açılmasını təmin etməli mümkün razılaşma ətrafında qeyri-müəyyənliyin davam etməsi təsir göstərib.
"Trading Economics" bildirir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni tələblər irəli sürüb. Tələblər arasında İran İslam Respublikasının iştirakı ilə baş verən münaqişələrdə həlak olan şəxslərə görə kompensasiyanın ödənilməsi də yer alır.
Bu, Tehranın münaqişənin nizamlanması ilə bağlı danışıqlar çərçivəsində yenidən reparasiya ödənişləri tələb etməsindən sonra baş verib.
Yeni tələblər yaxın vaxtlarda razılaşmanın əldə olunması perspektivlərini şübhə altına alıb və bazarlarda neft tədarükündə uzunmüddətli fasilələrin yarana biləcəyi ilə bağlı narahatlığı qoruyub saxlayıb.
Donald Tramp həmçinin Hörmüz boğazının açılmasına nail olmaq məqsədilə İrana qarşı yeni hərbi zərbələr endirmək əvəzinə iqtisadi təzyiqi gücləndirməyə hazır olduğunu bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре