Səmərqənddə azərbaycanlı jurnalistlər Teymurilər sülaləsinin tarixi ilə tanış olublar - FOTO
Səmərqənddə yerləşən Qur-Əmir məqbərəsi şəhərin ən məşhur memarlıq abidələrindən biridir. Burada Əmir Teymurun və Teymurilər sülaləsinin nümayəndələrinin məzarı yerləşir.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məqbərəni mətbuat turu çərçivəsində ziyarət edən azərbaycanlı jurnalistlərə bildirilib ki, Qur-Əmir adı fars dilindən tərcümədə "Əmirin məzarı" mənasını verir.
Mətbuat turunda Azərbaycanın aparıcı media qurumlarının 20 nümayəndəsi iştirak edir. İştirakçılar arasında Beynəlxalq İnformasiya Agentliyi Trend-in baş redaktoru Emin Əliyev də var.
Memarlıq kompleksinin əsası XV əsrin əvvəllərində Əmir Teymurun nəvəsi Məhəmməd Sultan tərəfindən qoyulub. Əvvəlcə burada mədrəsə və xanəgah (sufi məskəni - red.) yerləşib. Lakin Məhəmməd Sultanın 1403-cü ildə qəfil vəfatından sonra kompleksin təyinatı dəyişib.
Əmir Teymur sevimli nəvəsinin xatirəsinə məqbərənin tikilməsini əmr edib. Lakin o, tikintinin başa çatdığını görə bilməyib. Teymur 1405-ci ildə Çinə gedərkən vəfat edib. İşlər onun digər nəvəsi Mirzə Uluqbəyin dövründə tamamlanıb.
Qur-Əmir sonradan Teymurilər sülaləsinin ailə məqbərəsinə çevrilib. Burada Əmir Teymur, onun oğulları Şahrux və Miranşah, nəvələri Məhəmməd Sultan və Uluqbəy, həmçinin Teymurun ruhani müəllimi Mir Seyid Bərəkat dəfn olunub.
Məqbərənin ən tanınan detallarından biri Əmir Teymurun tünd yaşıl nefritdən hazırlanmış məzarüstü abidəsidir. Bununla yanaşı, dəfnlər məqbərənin əsas zalının altında yerləşən yeraltı sərdabədədir.
Teymurilər sülaləsinin məzarlarının 1941-ci ildə açılması da xüsusi maraq doğurur. Arxeoloji işlər antropoloq Mixail Gerasimovun rəhbərliyi ilə sovet ekspedisiyası tərəfindən aparılıb. Alimlər qalıqlar əsasında sülalənin bir neçə nümayəndəsinin xarici görünüşünü bərpa edə biliblər. Sonradan məhz bu hadisələrlə Teymurləngin "lənəti" ilə bağlı geniş yayılmış əfsanə əlaqələndirilib.
Qur-Əmir Teymurilər dövrünün görkəmli memarlıq abidəsidir. Onun interyeri mozaika, şirəli kərpiclər, qızıl suyuna çəkilmiş bəzəklər və dekorativ rəsmlərlə işlənib. İçəridən qabırğalı günbəz ulduzlu səmanı xatırladan ornamentlərlə bəzədilib, divarlar və dekorativ panellər isə mərmər, oniks, oyma və inkrustasiya elementləri ilə tamamlanıb.
Qur-Əmir məqbərəsi Teymurilər dövrünün memarlıq ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Onun kompozisiya və dekorativ həlləri sonradan Mərkəzi Asiyanın digər iri memarlıq abidələrində də öz əksini tapıb.
Bu gün Qur-Əmir Səmərqəndin simvollarından biri olaraq qalır və ziyarətçilərə Mərkəzi Asiyanın tarixində mühüm rol oynamış dövrün memarlıq və mədəni irsi ilə tanış olmaq imkanı verir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре