IV Beynəlxalq Minatəmizləmə Konfransı panel müzakirələri ilə davam edir - FOTO
"Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar" adlı panel müzakirəsi keçirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, müzakirələr Böyük Britaniya Parlamenti, Partlamamış Sursatların Təsiri üzrə Parlament Xüsusi Məsləhətçisi Naycell Ellvey moderatorluğu ilə keçirilib.
Paneldə çıxış edən Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Türkiyə Minalarla Mübarizə Mərkəzinin şöbə rəisi Fatih Yel bildirib ki, biryolun, məktəbin, xəstəxananın, enerji obyektinin, su xəttinin və ya yaşayış layihəsinin təhlükəsiz hesab edilməsi onun yerləşdiyi ərazinin etibarlı şəkildə araşdırılması, təmizlənməsi, keyfiyyətinə nəzarət olunması və istifadəyə verilməsindən asılıdır.
"Minatəmizləmə təhlükəsiz məskunlaşmanın ilk addımıdır. Burada hərbi minatəmizləmə tədbirləri ilə humanitar minatəmizləmə arasındakı təməl fərqi də nəzərə almalıyıq. Hərbi əməliyyatlarda əsas məqsəd çox vaxt qoşunların hərəkətini təmin etmək üçün müəyyən bir dəhlizin sürətlə açılmasıdır. Humanitar məqsədli minatəmizləmə fəaliyyətlərində isə əsas məqsəd ərazinin yüksək səviyyədə təmizlənməsini təmin etməkdir",- deyə o bildirib.
Cenevrə Beynəlxalq Humanitar Minalardan Təmizləmə Mərkəzi, Standartlar və Əməliyyatlar üzrə Proqram Meneceri Stanislav Damyanoviç vurğulayıb ki, minatəmizləmə fəaliyyətində innovasiya daha yaxşı nəticə və məhsuldarlıq əldə etməyin vasitələrindən biridir.
"Biz bu paneldə və əvvəlki panellərdə texnologiyanın minatəmizləmə sahəsində insanların həyatını necə yaxşılaşdırdığına, eyni zamanda minatəmizləmə operatorlarına öz işlərini daha səmərəli və təhlükəsiz görməyə kömək etdiyinə dair yaxşı nümunələr eşitdik. Məlumatların idarə edilməsi və rəqəmsal vasitələr, şübhəsiz ki, mina fəaliyyəti üçün böyük imkanlar yaradır.
İnnovasiya həmçinin yeni yanaşmaları və əməkdaşlıq tərəfdaşlıqlarını əhatə edə bilər. Bunub çox yaxşı bir nümunə olduğunu düşünürük və digər tərəfdaşlar tərəfindən də bu cür təşəbbüslərin çoxalacağını ümid edirik",- deyə o bildirib.
Paneldə həmçinin təlim, institusional inkişaf və beynəlxalq təcrübə mübadiləsi vasitəsilə milli minatəmizləmə potensialının gücləndirilməsi, humanitar minatəmizləmə əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyaların tətbiqi mövzularında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə texnoloji innovasiyaların yalnız əməliyyatların səmərəliliyini deyil, həm də minaaxtaranların təhlükəsizliyini artırması, eləcə də texnologiya, təhlükəsizlik və humanitar məqsədlər arasında balanslı və əlaqələndirilmiş yanaşmanın formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.
Konfransın işinə bu gün yekun vurulacaq. Yekunda konfransın bəyanatının qəbul edilməsi nəzərdə tutulub.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре