Brüsselin Ermənistan güzəşti: İqtisadi dəstək, yoxsa siyasi hesab?
Mənbə: Trend
Avropa İttifaqının Ermənistandan gələn mallara tətbiq olunan idxal rüsumlarının 80 faizini müvəqqəti olaraq ləğv etməsi Brüsseldə "iqtisadi dəstək addımı" kiminümayiş etdrilir. İlk baxışdan bu, Ermənistan istehsalçıları üçün Avropa bazarına çıxışı asanlaşdıran sıradan bir ticarət qərarı kimi görünə bilər. Amma qərarın sətraltına baxdıqda , mənzərə tamam fərqlidir. Burada söhbət təkcə gömrük rüsumlarından getmir.
Qərarın vaxtı, müddəti və Aİ-nin Cənubi Qafqaz siyasətinin ümumi istiqaməti bu addımın siyasi tərəfinin də kifayət qədər ciddi olduğunu göstərir.
İllərdir Ümumdünya Ticarət Təşkilatının platformalarında "şəffaf rəqabət"dən, "bərabər şərtlər"dən və "vahid ticarət qaydaları"ndan danışan Avropa İttifaqı indi müəyyən ölkəyə genişmiqyaslı güzəşt təqdim edir. Burada bir sual yaranır. Əgər bazara çıxış üçün əsas meyar iqtisadi səmərəlilik və rəqabət qabiliyyətidirsə, bu cür güzəştlər hansı prinsiplə müəyyənləşdirilir?
Avropa bazarı uzun illərdir məhsulun keyfiyyəti, təhlükəsizlik göstəriciləri, texniki uyğunluğu, ekoloji və fitosanitar tələblərlə bağlı sərt meyarları ilə seçilir. Bu tələblər Aİ ilə ticarət etmək istəyən ölkələr üçün kifayət qədər ciddi maneələr yaradır. Amma söhbət Brüsselin siyasi maraqlarına xidmət edən bir ölkədən gedəndə, "həmin sərt və güzəştsiz standartlar" bir gecə içində unudulur.
Azərbaycan uzun illərdir Avropa ilə enerji, nəqliyyat, logistika və investisiya sahələrində geniş əməkdaşlıq qurur. Bakı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Şərq-Qərb nəqliyyat bağlantılarının inkişafında ciddi resurslar ortaya qoyur. Buna baxmayaraq, regiondakı iqtisadi tərəfdaşlığa münasibətdə Brüsselin hansı meyarları əsas götürdüyü məsələsi getdikcə daha çox önə çıxır.
Çünki ticarət siyasəti yalnız rəqəmlərdən ibarət deyil. Verilən güzəşt həm də siyasi mesaj daşıyır. Bir ölkəyə bazara çıxış imkanlarını genişləndirən xüsusi şərtlər təqdim edilirsə, regiondakı digər ölkələrin bundan kənar qalmasını düşünmək çətindir.
Digər mühüm məsələ isə bu güzəştlərin Ermənistan iqtisadiyyatına real təsiridir. Rüsumların azaldılması, müəyyən məhsulların Avropa bazarında rəqabət imkanlarını artıra bilər. Amma bu o dmək deyil ki, Ermənistanın kənd təsərrüfatı və ya bütövlükdə iqtisadiyyatı avtomatik olaraq Avropa standartlarına yüksələcək.
Üstəlik, Avropa İttifaqı bu "hədiyyəni" cəmi 2 il müddətinə verir. Çünki Brüsselin niyyəti uzunmüddətli tərəfdaşlıq yox, qarşı tərəfi özündən asılı hala salmaqdır. Brüsselin dediyi ilə hərəkət etməsən güzəşt dərhal ləğv olunacaq.
Məhz buna görə qərarı "Ermənistan iqtisadiyyatının xilas edilməsi" kimi təqdim etmək də doğru olmaz. Avropa bazarına müvəqqəti güzəştli çıxış ölkənin struktur problemlərini həll etmir. İqtisadiyyatın dayanıqlı inkişafı üçün bazara çıxışdan daha vacib olan məsələ həmin bazarda rəqabət apara biləcək istehsalın formalaşdırılmasıdır.
Nəticədə ortaya belə bir mənzərə çıxır Aİ Ermənistana yalnız iqtisadi imkan vermir, eyni zamanda regiondakı siyasi təsir mexanizmlərindən birini də işə salır. Məsələ ondan ibarətdir ki, iqtisadi güzəştlər siyasi yaxınlığın mükafatına çevriləndə, Avropanın illərdir müdafiə etdiyi "bərabər oyun qaydaları" sual altında düşür.
Cənubi Qafqazda yeni iqtisadi və siyasi reallıqlar formalaşdığı bir vaxtda Brüsselin atdığı bu addım da həmin prosesin bir hissəsidir. Artıq aydındır ki, müasir geosiyasətdə gömrük rüsumları da sadəcə gömrük rüsumu olmur. Bəzən iqtisadi güzəştin arxasında daha böyük siyasi hesab dayanır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре