Əqli Mülkiyyət Agentliyi SOCAR əməkdaşları üçün təlimlərə başlayıb - FOTO
2026-cı il sentyabrın 3-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən SOCAR əməkdaşları üçün təlimlərə başlanılıb.
Day.Az xəbər verir ki, tədbirin açılışında Mərkəzin direktoru Anar Hüseynov təlim iştirakçılarını salamlayıb, mərkəzin fəaliyyəti barədə məlumat verib.
O, Agentlik tərəfindən həyata keçirilən maarfiləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli kitabxananın fəaliyyətindən danışıb, kitabxananın fondunda saxlanılan elmi ədəbiyyat barədə məlumat verib.
Təlim çərçivəsində Mərkəzin İxtira və faydalı modelin ekspertizası şöbəsinin aparıcı məsləhətçi-eksperti Firuzə Bəhrəmova "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) rəqəmli informationsiya sistemi barədə məlumat verərək onlayn müraciət və iddia sənədinə daxil olan materialların sistemə yüklənməsi qaydalarını əyani nümayiş etdirib.
Mərkəzin Açıq reyestr və dərcin rəqəmsallaşdırılması sektorunun müdiri Gülcahan Əlimərdanova əmtəə nişanlarının hüquqi mühafizəsi mövzusunda təqdimat edib, onların qeydiyyatı və ekspertizanın aparılması prosedurlarını izah edib.
Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri ("Açıq reyestrlər") barədə məlumat verib, Agentliyin internet saytında müvafiq məlumatların əldə edilməsini əyani nümayiş etdirib.
İnteraktiv formada keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimlər sentyabrın 15-dək davam edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре