Zelenskinin təyyarəsi az qala dronla toqquşub
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan Norveçə uçarkən az qala dronla toqquşub.
Day.Az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe sentyabrın 9-da NRK teleradio şirkətinin yayımında bildirib.
"Onun təyyarəsi Moldovadan havaya qalxmalı olduğu zaman az qala dronla toqquşub. Bu, onun hər gün yaşadığı reallıqdır", - deyə siyasətçi əlavə edib. O, bu məlumatı haradan əldə etdiyini açıqlamayıb.
Baş nazirin sözlərindən hadisənin təsadüf, yoxsa Zelenskiyə qarşı sui-qəsd cəhdi olduğu aydın deyil.
Norveç baş nazirinin ofisi Qar Störenin açıqlamasına aydınlıq gətirib:
"Dünən Moldovanın hava məkanında dron təhlükəsi yaranıb və bu, Zelenskinin Osloya uçan təyyarəsinin gecikməsinə səbəb olub. Bu, onun hər gün üzləşdiyi təhlükələrdəndir. Dronların onun təyyarəsinə nə qədər yaxın olduğu məlum deyil".
Bununla yanaşı, yüksəkvəzifəli ukraynalı məmur DW-yə bildirib ki, Ukrayna Prezidentinin təyyarəsi Kişinyovdan uçuşu gözlədiyi vaxt Rusiyaya məxsus reaktiv pilotsuz uçuş aparatı (PUA) Moldovanın hava məkanına daxil olub. Bundan sonra Volodimir Zelenskinin uçuşu təxirə salınıb, digər reyslər də dayandırılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре