"TotalEnergies" "Abşeron" yatağının tammiqyaslı işlənməsi ilə bağlı detalları açıqlayıb
Fransanın "TotalEnergies" şirkəti Azərbaycanın Xəzər dənizi sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi ilə bağlı detalları açıqlayıb.
Day.Az-ın məlumatına görə, şirkətdən bildirilib ki, layihə çərçivəsində yatağın layihə gücünə çatmasından sonra ümumi hasilatın ildə 6 milyard kubmetr qaz və 47 min barel kondensatadək artırılması nəzərdə tutulur.
"Tammiqyaslı işlənməyə 2029-cu ildə başlanılması gözlənilir. Layihə çərçivəsində qaz dənizdə yerləşən dörd sualtı quyudan hasil ediləcək və müasir avtomatlaşdırma sistemləri ilə təchiz olunmuş sualtı boru kəməri vasitəsilə sahilə nəql olunacaq. Sahildə tamamilə elektrikləşdirilmiş, enerji istehlakının və istixana qazı emissiyalarının minimuma endirilməsi nəzərə alınmaqla layihələndirilmiş yeni qaz emalı zavodu inşa ediləcək", - deyə şirkətdən bildirilib.
"TotalEnergies"in məlumatına görə, layihənin 1-ci və 2-ci əhatə dairələri üzrə istixana qazı emissiyalarının intensivliyi neft ekvivalentinin hər barelinə 4 kiloqram karbon qazı ekvivalentindən az olacaq.
"İstehsal olunan qaz həm Azərbaycanın daxili bazarına tədarük ediləcək, həm də Azərbaycanı Avropa qaz bazarı ilə birləşdirən mövcud qaz nəqli infrastrukturu vasitəsilə Türkiyəyə ixrac olunacaq", - deyə "TotalEnergies"dən əlavə edilib.
Qeyd edək ki, "Abşeron" yatağı Xəzər dənizində Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşir və təxminən 140 milyard kubmetr çıxarıla bilən qaz ehtiyatına malikdir.
Yatağın işlənməsinin birinci mərhələsinə 2023-cü ildə başlanılıb. Bu mərhələnin illik istehsal gücü 1,5 milyard kubmetr qaz və sutkada 12 min barel kondensat təşkil edir.
"TotalEnergies" tammiqyaslı işlənmə layihəsində 35 faizlik payla operator qismində çıxış edir. Daha 35 faiz SOCAR-a, 30 faiz isə XRG-yə məxsusdur.
"TotalEnergies"in baş icraçı direktoru Patrik Puyanne bildirib ki, tammiqyaslı işlənmə Xəzər dənizindəki ən böyük qaz yataqlarından birinin bütün hasilat potensialını reallaşdırmağa imkan verəcək.
Onun sözlərinə görə, layihə aşağı xərclər və aşağı emissiya səviyyəsi ilə fərqlənir və daxili və beynəlxalq bazarlara uzunmüddətli əlavə qaz tədarükünü təmin edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре