Çexiyanın "Škoda Group" şirkəti Bakı metrosunun modernləşdirilməsində iştirak etməyə hazırdır
Çexiyanın "Škoda Group" şirkəti Bakı Metropoliteninin modernləşdirilməsində iştirak etməyə hazırdır.
Day.Az xəbər verir ki, bu barədə Çexiyanın nəqliyyat naziri İvan Bednarjik Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə səfəri ərəfəsində bazar ertəsi Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Bednarjik şəhər və regional dəmir yolu nəqliyyatı sahələrində də əhəmiyyətli əməkdaşlıq potensialının olduğunu qeyd edib.
"Çexiya şirkətləri dəmir yollarının elektrikləşdirilməsi, hərəkət tərkibinin istehsalı, hərəkətin idarə edilməsi, eləcə də aviasiya və dəmir yolu nəqliyyatı üçün müasir texnoloji həllərin hazırlanması sahələrində təcrübəyə malikdirlər. Onlar həmçinin şəhər mobilliyi və hava nəqliyyatı əlaqələri sahələrində kompleks həllər təklif edirlər. Biz hidrogenlə işləyən nəqliyyat da daxil olmaqla, sıfır emissiyalı texnologiyaların tətbiqi və müasir qatarlar, metro qatarları və elektrik avtobusları vasitəsilə ekoloji cəhətdən dayanıqlı şəhər mobilliyinin inkişafı üçün əməkdaşlıq perspektivləri görürük. Avropada bu istiqamət sürətlə inkişaf edir.
Məsələn, Çexiyanın "Škoda Group" şirkəti akkumulyatorla işləyən qatarların Avropanın aparıcı istehsalçılarından biridir və məhsullarını bir çox Avropa ölkəsinə tədarük edir. Şəhər və şəhərətrafı avtobus nəqliyyatı üçün texnologiyalar təklif edən digər uğurlu Çexiya şirkətləri də var. Bizim üçün əsas məsələlərdən biri Bakı metropoliteninin modernləşdirilməsidir. "Škoda Group" bu sahədə öz təcrübə və səriştələrini təklif edə bilər. Regional elektrik qatarları və zəruri texniki infrastrukturun yaradılması sahələrində də əməkdaşlıq imkanları görürük", - deyə nazir bildirib.
Qeyd edək ki, Bakı metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması layihəsi təhlükəsizliyin, etibarlılığın, buraxılış qabiliyyətinin və əməliyyat səmərəliliyinin artırılmasına, eləcə də metropolitenin uzunmüddətli dayanıqlığının təmin olunmasına yönəlmiş strateji infrastruktur təşəbbüsüdür.
Layihə çərçivəsində köhnəlmiş siqnalizasiya və idarəetmə sistemlərinin rabitə əsaslı müasir qatar hərəkətinin idarə edilməsi sistemi (CBTC) və müvafiq rəqəmsal platformalarla əvəzlənməsi nəzərdə tutulur. Bundan əlavə, yol və qatarüstü avadanlıqların modernləşdirilməsi, mərkəzləşdirilmiş rəqəmsal sistemlər vasitəsilə istismar idarəetməsinin təkmilləşdirilməsi, monitorinq, diaqnostika, texniki xidmətin planlaşdırılması və sərnişinlərin məlumatlandırılması sistemlərinin yaxşılaşdırılması planlaşdırılır.
Layihə Bakı metropoliteninin mövcud infrastrukturu, o cümlədən tunellər, stansiyalar, depolar, yarımstansiyalar, texniki otaqlar, dispetçer obyektləri, kabel xətləri və hərəkət heyəti çərçivəsində həyata keçiriləcək. Yeni xətlərin və stansiyaların tikintisi, genişmiqyaslı torpaq işlərinin aparılması və ya metropolitenin mövcud ərazisindən kənara genişləndirilməsi nəzərdə tutulmur.
Əsas işlərə yeni siqnalizasiya və rabitə avadanlıqlarının quraşdırılması, köhnəlmiş elektrik və idarəetmə komponentlərinin dəyişdirilməsi, yeni rəqəmsal sistemlərin inteqrasiyası, onların sınaqdan keçirilməsi və istismara verilməsi, eləcə də sonrakı mərhələdə köhnəlmiş infrastrukturun sökülməsi daxil olacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре