Gəncədə Beynəlxalq Şərab Festivalı keçirilib

Day.Az представляет новость на азербайджанском языке

Gəncə şəhərində IV Beynəlxalq Şərab Festivalı keçirilib.

APA-nın xəbərinə görə, festivalda Azərbaycanın və Avropa ölkələrinin tanınmış şərabları nümayiş olunub.

Festivalda Gəncə, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl və Abşeronda yerləşən şərab istehsalı müəssisələri ilə yanaşı, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Fransa, İtaliya, Bolqarıstan kimi ölkələrdən qonaqlar da iştirak ediblər. 

Tədbir Gəncə Dövlət Dram Teatrının kollektivinin "Dədə Qorqud" dastanı əsasında hazırladığı tamaşa ilə başlayıb. Sonra Gəncə Musiqi Kollecinin və Göygöl Dövlət Kamera Orkestrinin çıxışları olub. Azərbaycanın şərabçılıq ənənəsindən bəhs edən səhnəciklər maraqla qarşılanıb.

Festival iştirakçıları Gəncə şəhər Park Bulvar Kompleksində təşkil olunan pavilyonlara baxıblar.

Festival çərçivəsində bir gün öncə keçirilən II "Salxım" Dequstasiya Müsabiqəsinin qalibləri 4 qızıl, 5 gümüş, 5 bürünc medalla mükafatlandırılıblar.

Müsabiqədə Gəncə ilə yanaşı, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl və Abşeronda yerləşən müəssisələrin istehsalı olan 30 növ şərab 16 beynəlxalq və yerli münsif tərəfindən 100 ballıq sistemlə qiymətləndirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.