Aktyor xanımı ilə eyni səhnədə - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Gənc Tamaşaçılar Teatrında Daria Fonun "Markolfa" əsərinə quruluş verilir. Tamaşanın quruluşcu rejissoru xalq artisti Cənnət Səlimovadır. Tamaşada gənc aktyor Eşqin Quliyev həyat yoldaşı əməkdar artist Gülər Nəbiyeva ilə birlikdə çıxış edəcəklər. Eşqin Quliyev tamaşadakı rolu haqda Milli.Az-a bunları danışıb:

""Markolfa" italyan yazıçısı Daria Fonun əsəridir. Əsərə rejissor, xalq artisti Cənnət Səlimova quruluş verir. Tamaşanın janrı komediyadır. Tamaşa özlüyündə tryuk, yəni hərəkətli komediyadır. Tamaşada əməkdar artistlər Şövqi Hüseynov, Nübar Novruzova, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Məhərrəm Vəliyev iştirak edirlər.

Həmin tamaşada Cüzeppe adlı obrazı oynayıram. Cüzeppe işlər müdiridir, çox komik personajdır. O, həmişə Markizlə konfliktə girir. Cüzeppe obrazı əsər boyu özünə gözəl həyat qurmaq üçün çarpışır. O, bu mübarizədə ətrafındakı insanlardan da istifadə edir. Biz bu tamaşanı digər "Don Rafael Trambonçu" tamaşasının ardı kimi təqdim etmək istəyirik. Tamaşanın ümumi adı isə "İtalyansayağı xoşbəxtlik" olacaq. Tamaşanın məşqləri artıq bitib. Tezliklə tamaşa teatrsevərlərə təqdim olunacaq.

Bu tamaşa ilə paralel Rövşən Ağayevin "Bir gecənin nağılı" əsərinin də məşqləri gedir. Qeyd edim ki, tamaşanın bədii rəhbəri Bəhram Osmanov, quruluşcu rejissoru isə Gülnar Hacıyevadır. Bu tamaşa bizim kiçik səhnə üçün nəzərdə tutulub. Yəqin ki, tamaşanı sentyabr ayında kiçik səhnənin açılışında ilk tamaşa kimi göstərəcəyik".

Фото: Milli.Аz