Vaşinqtonun Bakıya etimadı artır

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına ünvanladığı təbrik məktubunda qarşılıqlı münasibətlərin dayanıqlılığını və inkişaf perspektivlərini ifadə edən bir neçə mühüm məqama diqqət çəkib.

Day.Az xəbər verir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, onlardan birincisi, Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlığın regionda inkişafı təmin etdiyinin xüsusi olaraq vurğulanmasıdır.

"Məlum olduğu kimi, Birləşmiş Ştatlar "Əsrin müqaviləsi"ndən etibarən, Azərbaycanın təşəbbüsü və iştirakı ilə enerji layihələrini dəstəkləyib, ölkəmizin enerji dəhlizlərinin diversifikasiyası və Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək dəyərləndirib. Vaşinqtonun dəstək verdiyi Bakı-Tblisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu qaz kəməri (TAP) Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verməklə yanaşı, Cənubi Qafqazda iqtisadi fəallığın və sabitliyin təmin olunmasına böyük töhfələr verib, təkcə ölkəmizin deyil, qonşu Gürcüstanın da müstəqil inkişafında, Türkiyənin enerji resurslarının tranziti üzrə Avrasiyanın əsas qovşağına çevrilməsində müstəsna önəm daşıyıb və bütün bunlar, şübhəsiz ki, həm də Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlığın regionun inkişafının təmin olunmasındakı önəmli rolunun nə qədər mühüm əhəmiyyət daşıdığını nümayiş etdirir", - deyə E.Mirzəbəyli vurğulayıb.

Siyasi şərhçi bildirib ki, Rusiya-Ukrayna müharibəsinin Avropanın enerji təhlükəsizliyi üçün doğurduğu ciddi problemlərin fonunda Azərbaycanın sözügedən qitənin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol və bu rolun daha da artırılması üçün həyata keçirilən, həmçinin bərpa olunan enerji sektoru da daxil olmaqla həyata keçirilməsi nəzərdə tutulan layihələr ölkəmizin qlobal əhəmiyyət daşıyan proseslərdə nə qədər önəmli rola və mövqeyə sahib olduğunu nümayiş etdirir.

"Bu baxımdan, Cozef Baydenin məktubunda Azərbaycanın hazırda Avropanın enerji təhlükəsizliyində oynadığı rolun əhəmiyyətinin xüsusi olaraq vurğulanması, düşünürəm ki, təsadüfi deyil.

Azərbaycanla Birləşmiş Ştatların, Cozef Baydenin məktubunda da qeyd edildiyi kimi, terrorizmə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həyata keçirdikləri birgə tədbirlər Cənubi Qafqaz və Mərkəzi Asiya subregionlarında təhlükəsizliyin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malikdir. Azərbaycanın beynəlxalq terror şəbəkələrinin, onların maliyyə mənbələrinin, müxtəlif ideoloji "örtüklər" altında fəaliyyət göstərən uzantılarının ifşa edilməsi istiqamətində, təkcə son bir neçə il ərzində atdığı addımar ölkəmizin bəşəriyyəti təhdid edən faktorlara qarşı qətiyyətli mövqeyini nümayiş etdirir.

ABŞ Prezidentinin məktubundan da görünür ki, Vaşinqton Azərbaycana Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyin və inkişafın təşviq və təmin edilməsi kontekstində də əsas tərəfdaş kimi yanaşır. Bu xüsusda, Cozef Baydenin təbrik məktubunda, qarşıdan gələn zaman kəsiyində təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyinin qeyd olunması və Ağ Evin bunu həvəslə gözlədiyinin bəyan edilməsi, Azərbaycanın regional və qlobal proseslərdəki roluna və mövqeyinə verilən yüksək dəyər kimi qiymətləndirilməlidir", - deyə o əlavə edib.