Aytacın atası danışdı: "Evdən icazəsiz heç yerə getməzdi"

Day.Az представляет новость на азербайджанском языке со ссылкой на "Yeni Musavat":

17 yaşlı məktəbli Aytac Babayevanın 20 yaşlı sevgilisi tərəfindən qətlə yetirilməsindən bir həftə ötsə də, bu məsələ mətbuatın gündəmindən düşmür. Ölkə vətəndaşları Aytacın öldürülməsinə etiraz olaraq, sosial şəbəkələrdə qadın haqlarını müdafiə edən statuslar paylaşır, gənc qızın yaxınlarına dəstək kompaniyası həyata keçirirlər.

17 yaşlı gənc qızın həyatının ən gözəl çağlarında amansızlıqla qətlə yetirilməsindən təsirlənən həmyaşıdları da bu cinayətə səssiz qalmır, müxtəlif lokal aksiyalar keçirirlər. Təbii ki, Aytacın qətli Türkiyədə Özgəcan Aslan cinayətində olduğu qədər əks-səda doğurmasa da, qadınlara qarşı törədilən cinayətlərə etiraz üçün bir siqnal oldu.

Bunun əksinə olaraq, sosial şəbəkələrdə mərhumun sevgilisi ilə olan foto və videolarını yayıb, gənc qızı məktəbli yaşında sevgi yaşadığı üçün ittiham edənlər də tapıldı. Hətta bir çoxları daha da irəli gedərək, bu qətli "namus-qeyrət" məsələsi kimi şişirdib, qatilə haqq qazandırmağa çalışdılar. Bu məsələdə bəzi xəbər saytlarının da mənfi rolu az olmadı. Gənc qızın sevgilisinin ad günündə çəkilmiş videolarının paylaşılması da etiraza səbəb oldu.

Bütün bu baş verənlərin ardından musavat.com olaraq, Aytac Babayevanın ailəsinə baş çəkməyi özümüzə borc bildik.

Mərhumun ailəsi Xətai rayonunda "Upede" adlanan qəsəbədə çox da dəbdəbəli olmayan sadə bir evdə yaşayır. Biz oraya çatanda Aytacın ailəsinə dəstək üçün gələn kimsə ilə rastlaşmadıq. Sosial şəbəkələrdə nə qədər müzakirələr getsə də, ailə bu böyük dərdlə baş-başa qalmışdı.

Yas evində yalnız yaxın qohumlar var idi. Mətbuatda yazılanlardan, paylaşılan foto və videolardan qəzəblənən ailə üzvləri bizi də o qədər xoş qarşılamadı. Jurnalistlərdən qəzəbli olduqlarını deyib, foto-video çəkilişinə icazə vermədilər.

Aytacın atası Nazim Babayev başsağlığı diləklərimizi qəbul etdikdən sonra birbaşa etiraza başladı: "Mənim qızım haqqında hər kəs ağzına gələni yazır. Bizim acımız, kədərimiz bizə bəs edir. Bir də yalan-yanlış materiallarla niyə bizə əzab verirsiniz? Mənim qızım oxuyan, ağıllı qız idi. Hər gün hazırlıqlara gedib, gəlirdi. Tibb Universitetinə daxil olmağı arzulayırdı. Sonuncu sınaq imtahanından 580 bal toplamışdı, yenə də nəticəsindən razı deyildi. O, hər iki saatdan bir mənimlə əlaqə saxlayıb, harada olduğunu məlumat verirdi, evdən icazəsiz heç yerə getməzdi. İndi biz nə deyə bilərik. Yalnız cinayətkarın layiq olduğu cəzanı almasını istəyirik. Qızımın qanı yerdə qalmamalıdır. Biz hamımız şok vəziyyətindəyik. Aytacın yoxluğuna inana bilmirik. Qoy, bizə bunu yaşadanlar da cəzasını alsın".

Mərhumun bacısı Ayşən Babayeva isə bacısı haqqında yazılan şərhlərə etirazını bildirdi: "Bizim üçün o yazılan ittihamların heç bir mənası yoxdur. Biz bacımın necə bir qız olduğunu bilirdik. Heç kim onun namusu haqqında artıq-əksik danışa bilməz. O şərhləri yazanlara yalnız bircə sözüm var, Aytacın taleyini yaşasınlar, bacılarının, qızlarının başına gəlsin, o zaman bizim acımızı anlaya bilərlər. O fotoları mətbuata çıxaranlar oğlanın (təqsirləndirilən şəxsin - L.N.) adamlarıdır. Bununla nəyə nail olmağa çalışırlar bilmirəm".

Övladını itirmiş ananı dinləmək isə daha da çətin idi. O, danışmır, fəryad edirdi: "Buraya niyə gəlmisiniz? Mənim qızımı öldürüblər, mən nə danışmalıyam? Qatilə ömürlük həbs cəzası tələb edirəm, məgər bunu verəcəklər? Yox, verməyəcəklər, bir neçə ildən sonra qızımın qatili azadlıqda olacaq, mənim balam isə qara torpaqda... Gedin, polisdən müsahibə alın, məhkəmədən müsahibə alın, qatilə ömürlük həbs verəcəklərmi?"

Burada artıq deyiləcək söz yox idi... Ailəni kədəri ilə baş-başa qoyub, ayrıldıq. Ayrılarkən ailə üzvlərinin isə qızları haqqında yalan yazan mətbuata qarşı olan bütün narazılıq və nifrətinə də tuş gəldik.

Ananın verdiyi sualı isə hüquqşünas Müzəffər Baxış cavablandırdı. Qətldə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilə bilərmi?

Hüquqşünas Müzəffər Baxış bildirdi ki, bu suala konkret cavab vermək mümkün olmasa da, qanunvericilikdə bu hal nəzərdə tutulub: "Mən konkret deyə bilmərəm ki, bu hadisəni araşdıran istintaq orqanı həmin hadisəni törədən şəxsin əməlini necə tövsif edib. Amma valideynlərin müsahibəsini oxumuşam və onların dedikləri həqiqətdirsə, mən ehtimal edirəm ki, cinayəti törədən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə "xüsusi amansızlıqla adam öldürmə" kimi tövsif edilsin.

Şəxsin əməli bu maddə ilə tövsif olunarsa, onda belə halda həmin şəxs törətdiyi əmələ görə 14 ildən 20 ilə qədər azadlıdan məhrumetmə cəzası və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Ancaq bunu dəqiq deyə bilərəm ki, məhkəmə həmin şəxsə ömürlük həbs cəzası verə bilər. Bu, məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Şəxsin əməlində cəzanın yüngülləşdirici halları da ola bilər. Cinayəti törətdikdən sonra könüllü təslim olubsa, bu, yüngülləşdirici hal kimi nəzərə alına bilər. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, şəxsin həbsinin onun ailəsinin həyatına təsiri və sair kimi məqamlar da nəzərə alınır.

Bu hadisə insanda həmin şəxsə qarşı mənfi münasibət yaradır. Gənc bir qızı sadəcə, onun sevgisinə cavab vermədiyinə görə həyatdan məhrum etmək böyük bir azğınlıqdır. Bu insan cəmiyyət üçün nə qədər təhlükəlidir ki, sevgisinə yox deyən adamı öldürə bilər. Bütün bunları məhkəmə nəzərə almalıdır. Əgər, onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunsa, qanun imkan verir ki, ona ömürlük həbs cəzası verilsin".

Hüquqşünasın sözlərinə görə, cəza təyin olunarkən təqsirləndirilən şəxsin psixoloji durumu da nəzərə alınacaq: "Başqa bir məsələ də odur ki, hər bir halda bu qəbildən olan cinayətlərə görə istintaq tərəfindən onun həmin cinayəti anlaqlı və ya anlaqsız vəziyyətdə törətməsi ilə bağlı psixiatrik ekspertiza təyin olunacaq. Onun əməlinə hüquqi qiymət verilməsi üçün bu ekspertizanın rəyi də önəmlidir. Əgər, həmin şəxs bu əməli törədərkən anlaqsız vəziyyətdə olubsa, xroniki psixi vəziyyətində problem varsa, kəmağıllıq və sair psixi xəstəlik nəticəsində öz əməlini dərk etmirsə, onda onu cinayət məsuliyyətinə cəlb etməyəcəklər. Buna məhkəmə tibbi ekspertizası qərar verəcək ki, şəxs cinayəti törədən zaman anlaqlı, yoxsa anlaqsız vəziyyətdə olub. Anlaqsız vəziyyətdə olubsa, o cinayət məsuliyyətinə cəlb olunmayacaq, məhkəmə onu məcburi müalicəyə göndərəcək".

Qeyd edək ki, qətli törətməkdə təqsirləndirilən şəxs Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynovdur. Yayılan foto və videolar vasitəsilə onun Aytac Babayeva ilə sevgili olduğu iddia edilir.

Qətlin dəqiq səbəbi istintaq araşdırmalarından sonra məlum olacaq. İ.Həsənovun sözlərinə görə, qızı məhz ona "yox" dediyinə görə bıçaqlayıb.

Mərhumun ailəsinin verdiyi məlumata görə, qətl xüsusi amansızlıqla törədilib. Aytaca 9 bıçaq zərbəsi vurulub, üzü parçalanmış və tanınmayacaq halda olub.