Azərbaycanın regional liderə çevrilməsi irimiqyaslı və hərtərəfli islahatların məntiqi nəticəsidir

Dünyanın ən böyük universal beynəlxalq təşkilatı olan BMT geniş və hərtərəfli monitorinq, qiymətləndirmə, təhlil və analizlərin nəticəsi olaraq dünya üzrə "Davamlı inkişaf hesabatı-2020" sənədini hazırlayıb. Bu sənədin "Davamlı inkişaf məqsədləri indeksi"nə görə, Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirilib və ölkəmiz 166 ölkə arasında 54-cü yerə layiq görülüb. Bu göstərici ilə Azərbaycan bölgədə bütün ölkələri üstələyərək faktiki olaraq regional lider statusuna yüksəlib. Qonşu ölkələrlə müqayisədə, bu, çox yüksək göstəricidir. Belə ki, BMT-nin hesabatına görə, qonşularımız Rusiya, Gürcüstan, İran, Türkiyə müvafiq olaraq 57, 58, 59, 70-ci yerlərlə kifayətlənməli olublar. Mərkəzi Asiya regionunun həlledici dövləti olan Qazaxıstanda bu göstərici 65, Türkmənistanda isə 114-dür. Müqayisə üçün qeyd edək ki, BMT sözügedən indeks üzrə işğalçı Ermənistanı xeyli aşağı, 75-ci yerə layiq görüb. Əlavə şərhə ehtiyac yoxdur. Bu, bir faktdır ki, Azərbaycan BMT-nin "Davamlı inkişaf məqsədləri indeksi" üzrə regionda lider dövlətdir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov deyib.

Deputat vurğulayıb ki, Azərbaycanın BMT-nin müəyyən etdiyi bir sıra fundamental istiqamətlər üzrə əldə etdiyi nəticələr qürurvericidir. Bu baxımdan BMT ekspertlərinin gəldiyi ümumi nəticəyə görə, Azərbaycan əhalinin rifahının yüksəldilməsi, yoxsulluq probleminin uğurlu həlli, səhiyyəyə xüsusi diqqət ayırması, qidalanma, təmiz su təminatı, güclü infrastrukturun yaradılması və enerji təhlükəsizliyi istiqamətlərində atdığı addımlar kifayət qədər səmərəli və məhsuldar olub. Bundan başqa, məlum nüfuzlu hesabatda ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfə də yüksək dəyərləndirilib.

Onun sözlərinə görə, Azərbaycanın qeyd edilən istiqamətlər üzrə qazandığı uğurlar BMT səviyyəsində adekvat qiymətləndirilib və ölkəmizə maksimum 100 ballıq sistem üzrə 72,6 bal verilib. Müqayisə üçün qeyd edək ki, üzvlərinin əksəriyyəti NATO və Avropa İttifaqının üzvü olan Şərqi Avropa dövlətlərinin və böyük təbii resurslara malik Mərkəzi Asiya regionu ölkələrinin "Davamlı inkişaf məqsədləri indeksi" üzrə orta göstəricisi 70,9-a bərabərdir.

Ölkəmizin əldə etdiyi uğurların heç də təsadüfi olmadığını bildirən E.Nəsirov deyib: "Azərbaycanın BMT-nin "Davamlı inkişaf məqsədləri indeksi"nə görə yüksək mövqeyi heç bir halda təsadüfi deyildir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən irimiqyaslı və hərtərəfli islahatların məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Dərinləşən iqtisadi və sosial islahatlar sayəsində ilk növbədə əhalinin rifahı yüksəlmiş, xüsusi həssas kateqoriyadan olan insanların sosial müdafiəsi gücləndirilmiş, istehsal olunan məhsulların rəqabət qabiliyyəti artmış, qeyri-neft sektorunun inkişafı təmin edilmiş, ixrac yönümlü istehsalın həcmi genişlənmiş, sahibkarlıq subyektlərini ölkənin iqtisadi həyatında yeri və rolu möhkəmlənmişdir. Bu prosesdə İqtisadiyyat Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin səmərəli və məhsuldar fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu qurumların dövlət-biznes-vətəndaş cəmiyyəti platformasında həyata keçirdiyi ardıcıl və təxirəsalınmaz tədbirlər sayəsində BMT-nin "Davamlı inkişaf məqsədləri indeksi"ndə ölkəmizin iqtisadi parametrlər üzrə mövqeləri xeyli möhkəmlənib".

Deputat qeyd edib ki, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşməsi diqqət çəkir. Burada ciddi səbəb-nəticə əlaqəsi vardır. BMT-nin ali rəhbərliyi bütün inkişaf parametrləri və məqsədləri üzrə Azərbaycanı təkcə regionda deyil, bütövlükdə dünya miqyasında nümunəvi və örnək dövlət kimi qəbul edir. Eyni zamanda onu da qəbul edir ki, Azərbaycanın dünya miqyasında bu statusu əldə etməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsidir.

"Azərbaycanın "Davamlı inkişaf məqsədləri indeksi" üzrə regional lider dövlət olması hər birimizi qürurlandırır. Qarşıda isə ölkəmizi daha möhtəşəm qələbələr gözləyir. Bunun üçün birliyimiz, həmrəyliyimiz və məsuliyyətimiz həmişəkindən daha güclü olmalıdır. Biz birlikdə güclüyük!", -deyə Elman Nəsirov fikirlərini yekunlaşdırıb.