Cəzasız qalan Ermənistan bundan ruhlanaraq yeni-yeni hərbi cinayətlər törətməkdədir

Törətdiyi cinayətlərə görə cəzasız qalan Ermənistan bundan ruhlanaraq yeni-yeni hərbi cinayətlər törətməkdədir.

Day.Az bildirir ki, bunu Trend-ə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olmuş və yaralanmışlar.

A.Səfixanlı əlavə edib ku, bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi cinayətlər nəticəsində insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlər, o cümlədən Cenevrə konvensiyaları kobud şəkildə pozulmaqdadır.

Beynəlxalq münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsas istinad mənbəyi olduğu halda Ermənistan buna saymazyana münasibət göstərərək, digər suveren dövlətin ərazisini işğal etmiş və bu siyasəti davam etdirməkdədir.

Halbuki BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən BMT üzvünə qarşı edilən təcavüzün qarşısı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən dərhal və qətiyyətlə alınmalıdır:"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətinin keyfiyyət əmsalı da sıfıra bərabərdir.

Ermənistan öz işğalçılıq siyasətini davam etdirdiyi halda, Azərbaycan vətəndaşlarının beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqları pozulduğu halda, bütün bunlara beynəlxalq birlik və münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri susqunluq nümayiş etdirdikdə, bəs Azərbaycan nə etməlidir?

Təbii ki, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq təcavüzə qarşı müdafiə hüququndan istifadə edərək özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımı addımlar atmalı, təcavüzkara törətdiyi cinayətə görə layiqli cəzasını verməlidir.

Aprel döyüşləri zamanı və artıq dünəndən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan təcavüzə qarşı müdafiə hüququndan istifadə edərək işğalçının layiqli cəzasını verməkdədir. Bu, Azərbaycanın təbii haqqıdır".