https://news.day.az/azerinews/1860343.html Yollarda işıqlandırma problemi: Qaranlıq magistrallar təhlükə yaradır Avtomobil yollarında işıqlandırma sistemlərinin normal fəaliyyəti gecə saatlarında hərəkətin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Paytaxt və ətraf ərazilərdə bəzi magistral yolların işıqlandırılması ilə bağlı vəziyyət isə zaman-zaman müzakirə mövzusuna çevrilir.

Yollarda işıqlandırma problemi: Qaranlıq magistrallar təhlükə yaradır

Azərbaycanca, 15 сентября 2026 21:05 (UTC +04:00) 201
Yollarda işıqlandırma problemi:

Avtomobil yollarında işıqlandırma sistemlərinin normal fəaliyyəti gecə saatlarında hərəkətin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Paytaxt və ətraf ərazilərdə bəzi magistral yolların işıqlandırılması ilə bağlı vəziyyət isə zaman-zaman müzakirə mövzusuna çevrilir. Xüsusilə gecə və səhər saatlarında müəyyən yol sahələrində işıqlandırmanın yetərli olmaması sürücülər və piyadalar üçün görünüş məsafəsinə təsir edən amillərdən biri kimi diqqət çəkir.

Yolların işıqlandırılmasında qənaətdən söhbət gedə bilməz

Day.Az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, şəhərlərdə və yaşayış məntəqələrində yolların işıqlandırılması yol hərəkəti təhlükəsizliyinin əsas elementlərindən biridir.

Onun sözlərinə görə, bu məsələdə qənaət amili ön plana çıxarılmamalıdır.

"Şəhərdə və yaşayış məntəqələrində işıqlandırma mütləq təmin olunmalıdır. Burada hər hansı qənaətdən söhbət gedə bilməz. Çünki yol hərəkəti təhlükəsizliyinin əsas elementlərindən biri məhz işıqlandırmadır. Xüsusilə eyni səviyyəli piyada keçidlərinin olduğu ərazilərdə kontrast işıqlandırma tətbiq edilməlidir. Həmin hissə daha yaxşı işıqlandırılmalıdır ki, sürücü uzaq məsafədən qarşıda piyada keçidinin olduğunu görə və buna uyğun olaraq sürətini tənzimləyə bilsin", - ekspert qeyd edib.

R.Ağamirzəyev bildirib ki, magistral yollarda, süni yol qurğularında və yaşayış məntəqələrinin girişlərində işıqlandırma sistemləri qurulsa da, bəzi hallarda onların fəaliyyətində problemlər müşahidə edilir:

"Təəssüf ki, bir çox hallarda işıqlandırma sistemi ya işləmir, ya da yolun yalnız müəyyən hissəsini əhatə edir. Yəni bir hissə işıqlandırılır, digər hissə isə qaranlıq qalır. Eyni zamanda, işıqlandırmaya nəzarət edən qurumlar da fərqlidir. Hesab edirəm ki, bu məsələyə diqqət artırılmalıdır. Çünki sutkanın qaranlıq saatlarında baş verə biləcək yol-nəqliyyat hadisələrinin nəticələrinə təsir göstərən əsas amillərdən biri məhz işıqlandırmadır".

Ekspert yol işıqlandırmasının texniki göstəricilərinə də toxunub. O bildirib ki, işıqlandırma əraziyə düşən işıq axınının miqdarı ilə müəyyən edilir və əsas göstəricilərdən biri orta üfüqi işıqlandırmadır. Bu göstərici lükslə (lx) ölçülür, bir lüks isə hər kvadratmetrə düşən bir lümen işıq axınına bərabərdir.

 

Onun sözlərinə görə, yol səthindən əks olunan işığın miqdarını ifadə edən parlaqlıq da mühüm parametrlərdən biridir.

"Əsas yollar, magistral və ümumi əhəmiyyətli küçələr üçün işıqlandırma göstəricisi 15-20 lüks təşkil edir. Səkilərdə yolun hərəkət hissəsinin kateqoriyasından asılı olaraq bu göstərici 2-4 lüks, piyada küçələrində təyinatına uyğun olaraq 4-6 lüks, müxtəlif hərəkət intensivliyinə malik yerli yollarda isə 4-6 lüks səviyyəsində nəzərdə tutulur", - R.Ağamirzəyev əlavə edib.

Qaranlıq vaxtda görmə imkanlarının məhdudlaşması yol hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərir

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) mövzu ilə əlaqədar bildirilib ki, sutkanın qaranlıq vaxtında görmə imkanlarının məhdudlaşması yol hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərən əsas amillərdən biridir.

Qeyd olunub ki, bu səbəbdən sürücülər sürəti yol və hava şəraitinə uyğun seçməli, ara məsafəsini artırmalı, nəqliyyat vasitəsinin xarici işıq cihazlarının sazlığına və onlardan düzgün istifadəyə xüsusi diqqət yetirməlidirlər. Xüsusilə piyada keçidlərinə və zəif işıqlandırılan ərazilərə yaxınlaşarkən sürücülərin daha ehtiyatlı olması tövsiyə edilir.

"Sutkanın qaranlıq vaxtında yolun işıqlandırılmayan sahəsində dayanarkən və ya durarkən nəqliyyat vasitəsində qabarit və ya dayanacaq işıqları yandırılmalıdır. Əgər sürücü qaranlıq vaxtda yol örtüyünün olub-olmadığını müəyyən edə bilmirsə və üstünlük nişanları yoxdursa, hərəkət etdiyi yolun ikinci dərəcəli yol olduğunu hesab etməlidir", - deyə məlumatda bildirilib.

BDYPİ-dən piyadaların da qaranlıq saatlarda xüsusi ehtiyatlı davranmasının vacibliyi vurğulanıb. Bildirilib ki, piyadalar yolu müəyyən edilmiş yerlərdən keçməli, hərəkət zamanı mobil telefondan istifadədən çəkinməli və sürücülər tərəfindən göründüklərinə əmin olmalıdırlar. Yolun işıqlandırılmayan hissəsində isə piyadalar yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda yolu keçməlidirlər.

Eyni zamanda qeyd olunub ki, sutkanın qaranlıq vaxtında mal-qaranın dəmir yolu xətləri və avtomobil yolları üzərindən yalnız bu məqsəd üçün xüsusi ayrılmış yerlərdən keçirilməsi, müəyyən edilmiş yerlərdən kənarda yola çıxarılmaması vacibdir.

BDYPİ vurğulayıb ki, xüsusilə qaranlıq saatlarda bu tələblərə ciddi əməl olunması yol-nəqliyyat hadisələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости