Afət Həsənova: Ermənistanın növbəti təxribatı da baş tutmadı, növbəti ağır uğursuzluğa düçar oldu

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Bu, Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılan növbəti təxribatdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, Ermənistanın bu təxribatının arxasında bir sıra məkirli məqsədlər dayanır: "Bu gün Ermənistan həm beynəlxalq müstəvidə, həm də daxili məsələlərdə çıxılmaz və çətin vəziyyətə düşüb. Bu baxımdan son dövrlərdə baş verən hadisələr, Azərbaycanın əldə etdiyi ciddi diplomatik uğurlar Ermənistanı ciddi şəkildə narahat edir.

Belə ki, Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, cənab Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslərin beynəlxalq arenada böyük dəstək qazanması, xüsusən də Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunan xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir".

A.Həsənova vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev son qısa dövr ərzində Ermənistanın işğalçılıq siyasətini və faşist mahiyyətini dünya ictimaiyyəti qarşısında tutarlı faktlarla bir daha ifşa edib:

""Valday" Beynəlxalq Diskussiya Klubu və Münxen Təhlükəsizlik Konfransı kimi mühüm toplantılarda da cənab Prezident Azərbaycanın qəti mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Hər iki toplantıda cənab Prezident erməni yalanlarını tarixi faktlarla ifşa etdi və "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" fəlsəfi fikrini söyləməklə Ermənistan tərəfinin çirkin niyyətlərini alt-üst etdi. Bundan əlavə dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.

Digər tərəfdən isə Ermənistan daxilində ciddi siyasi və sosial-iqtisadi böhrann yaşanır. Ermənistanda əhalinin hakimiyyətə etimadı artıq itib. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.

Belə olan halda cinayətkar Ermənistan hakimiyyəti öz ağlınca guya Azərbaycana qarşı təxribat törətməklə həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltməyə, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmağa çalışır.

Ancaq səriştəsiz Ermənistan hakmiyyəti anlamır ki, bu cür təxribatlara əl atmaqla özünə daha ciddi problem yaradır. Çünki Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Ermənistan tərəfi məruz qaldığı itkiləri gizlətməyə çalışsa da artıq ermənilər sosial şəbəkələrdə xeyli sayda canlı qüvvə və hərbi texnika itkilərinin olduğunu qeyd edirlər və Ermənistan hakimiyyətinə qarşı yeni etiraz dalğası baş qaldırır.

Göründüyü kimi Ermənistanın növbəti təxribatı da baş tutmadı, növbəti ağır uğursuzluğa düçar oldu, Azərbaycan Ordusu düşmənin layiqli cavabını verib onu yerinə otuzdurdu".